İQTİSADİYYAT
Bakıda “Əqli Mülkiyyət Hüquqları Obyektlərinin Gömrük Nəzarəti” mövzusunda seminar keçirilir
Bakı, 15 mart, AZƏRTAC
Bakıda Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Əqli Mülkiyyət Hüquqları Obyektlərinin Gömrük Nəzarəti” mövzusunda seminar başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi, Azərbaycanın Dövlət Gömrük Komitəsi və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkəmizin gömrük orqanları üçün vacib məsələlərdən biridir və bu istiqamətdə müasir normalara cavab verən hüquqi baza formalaşdırılıb. Əqli mülkiyyət hüquqlarının həm iqtisadi, həm də investisiyaların cəlb olunması baxımından əhəmiyyət daşıdığını vurğulayan Cavad Qasımov, seminarın təşkilində göstərilən dəstəyə görə ABŞ-ın ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib, bu və digər istiqamətlər üzrə gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
ABŞ-ın ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Uilyam Gil bildirib ki, mütərəqqi təcrübələrin mübadiləsini ehtiva edən bu seminar uzunmüddətli əməkdaşlığa öz töhfəsini verəcək. Əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində atılacaq addımların hər bir ölkənin iqtisadiyyatının inkişafı və qorunmasında, investisiyaların cəlb olunmasındakı rolundan danışan amerikalı diplomat xarici investorların bu sahəyə xüsusi diqqət göstərdiyini və Azərbaycanın bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının hüquq müşaviri Arezo Yazd təmsil etdiyi proqramın məqsədi, əhatə dairəsi barədə məlumat verib və seminarda müzakirə olunacaq məsələlərdən bəhs edib.
İki gün davam edəcək seminarda ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsinin nümayəndələri Maryori Ottenvil və Alaina Van Horn saxta və pirat malların təsiri, saxta dərman vasitələri və yeyinti məhsullarının sosial-iqtisadi və sağlamlıq təsirləri, əqli mülkiyyətin qorunması və iqtisadi inkişaf, kontrafakt və pirat malların ticarət və investisiyaya təsiri, kontrafakt malların müəyyənləşdirilməsinə dair hüquq sahibləri, saxta malların qaçaqmalçılığına qarşı dövlət-özəl sektor əməkdaşlığının qurulması və digər mövzularda iştirakçılara məlumat verəcək.
Seminar zamanı Dövlət Gömrük Komitəsinin, Patent və Əmtəə Nişanları Mərkəzinin nümayəndələri də təqdimatlarla çıxış edəcəklər.
Seminarda Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük idarələrinin 30-dan çox əməkdaşı iştirak edir.