İDMAN
Bakıda Arena Polo üzrə Dünya Kuboku yarışlarında ikinci turun oyunları keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakıda, Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubunda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının ikinci günündə - sentyabrın 10-da ilk oyunda “Badrutt Palace St. Moritz” klubu ilə qədim polo məktəblərindən hesab olunan “İtaldizain Group” komandası qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “İtaldizain Group” komandası rəqibini 6:4 hesabı ilə məğlub edib.
Günün ikinci matçında isə Azərbaycanın “Gilan Holding” və İspaniyanın “Bogner” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İspaniya təmsilçisinin xeyrinə başa çatıb - 6,5:6.
Yarışda 4 beynəlxalq peşəkar komanda -“Gilan Holding” (Azərbaycan) “İtaldizain Group” (Argentina), “Badrutt Palace St. Moritz” (İsveçrə) və “Bogner” (İspaniya) mübarizə aparır. Turnirdəki komandalar məşhur “Evviva Polo Club St.Moritz” (İsveçrə), “Santa Maria Polo Club Sotogrande” (İspaniya), “Alegria Polo Club Buenos Ayres” (Argentina) və “Elit Atçılıq və Polo klub Bakı” (Azərbaycan) klublarını təmsil edirlər.
İki turdan sonra yarışın final görüşündə və 3-cü yer uğrunda oyununda mübarizə aparacaq komandalar müəyyənləşib. Sentyabrın 11-də saat 18:00-da keçiriləcək üçüncü yer uğrunda görüşdə meydana “Badrutt's Palace” və “İtaldizain Group” komandaları çıxacaq. Final görüşündə isə “Gilan Holdinq” və “Bogner” kollektivləri yenidən üz-üzə gələcək. Final qarşılaşması saat 19:15–də başlayacaq.
Xatırladaq ki, oyunlar hər biri 7 dəqiqə 30 saniyə olmaqla dörd hissədən ibarətdir. Yarışı Almaniya, İsveçrə, Argentina və İngiltərədən dəvət olunan hakimlər idarə edirlər.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də Arena Polo üzrə Dünya Kuboku yarışının rəsmi media tərəfdaşıdır.