SİYASƏT
Bakıda Argentinanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakıda Argentinanın milli bayramı - May İnqilabının 208-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb. Bildirib ki, xalqlarımız arasında mədəni sahədə münasibətlər çox yaxşı səviyyədədir. Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əlaqələrin olduğunu bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov Azərbaycan hökuməti adından Argentina xalqını təbrik edib. O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayıb. Xüsusi tapşırıqlar üzrə səfir ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə yerli rəqqaslar tərəfindən tanqo rəqsi ifa olunub.