CƏMİYYƏT


Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AOA-nın prezidenti, Pakistanın ombudsmanı Syed Tahir Şahbaz, habelə Assosiasiyanın üzvü olan ölkələrin Direktorlar Şurasındakı təmsilçiləri – Yaponiyanın, Çinin, İndoneziyanın, Honq-Konqun, İranın, Malayziyanın, Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanları, bir sıra dövlət qurumlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək tədbirin məqsədi barədə məlumat verib.

Daha sonra iclasın birinci sessiyasında AOA-nın ötən ilin fəaliyyətinin yekun hesabatı dinlənilib və növbəti illərə dair fəaliyyət istiqamətləri müzakirə edilib.

İkinci sessiyada Azərbaycan ombudsmanının təklifi ilə Dayanıqlı İnkişaf Məqsədlərində təsbit olunmuş 10-cu məqsəd üzrə “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq”, Çin ombudsmanının təklifi ilə “Gələcəkdə qarşılıqlı əməkdaşlığın təşviqi üçün faydalı fikir mübadiləsi” mövzuları üzrə interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, ombudsman Elmira Süleymanova 2003-cü ildən AOA-nın üzvüdür və 2015-ci ilin noyabr ayında növbəti dörd il üçün həmin qurumun vitse-prezidenti seçilib.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Azərbaycan milli inkişaf strategiyasını qlobal Dayanıqlı İnkişaf Məqsədləri ilə eyniləşdirmək üçün səylər göstərir.

Azərbaycanda cəmiyyətin parlaq gələcəyi üçün bir neçə dövlət proqramı və strategiyası həyata keçirilir. Təhsilin inkişafı, qadın problemləri ilə bağlı proqramlar, Milli Uşaq Strategiyasını bu siyahıya daxil etmək olar. Dövlət, həmçinin səhiyyə sisteminin hamıya əlçatanlığını, hər bir vətəndaşa eyni səviyyədə xidmət göstərilməsini təmin etmək üçün bu sahəyə böyük diqqət ayırır.

Komitə sədri bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra problemlərlə üzləşir. Onlardan biri ölkəmizin Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun işğal edilməsi, bir milyon qaçqın və məcburi köçkünün olmasıdır. Digəri isə bizim əlimizdə fərqli yaş və gender qrupları, regional və ətraf mühitin mühafizəsi barədə kifayət qədər detallı informasiyanın olmamasıdır.

Hicran Hüseynova vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün qadınların cəmiyyətin bütün sahələrində, həmçinin siyasi və iqtisadi sahələrdə aktiv iştirakı vacibdir.

Daha sonra iclas müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.