İQTİSADİYYAT


Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyasının iclası keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyası keçirilib.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiya təşkilatın Bakı şəhərində yerləşən qərargahında baş tutub. İclasda praktiki olaraq regionun bütün ölkələrindən nümayəndələr iştirak edib.

Sessiyanı şuranın rəhbəri, professor Tatyana Anodina açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, ölkənin aviasiya rəhbərliyinə və AZAL QSC-yə Bakı şəhərində şuranın və onun aparatının işi üçün şəraitin yaradılmasına və qurumun beynəlxalq fəaliyyətinə dəstəyə görə təşəkkürünü bildirmişdir.

Tatyana Anodina ICAO Assambleyasının 39-cu sessiyasının qərarlarının yerinə yetirilməsi, ICAO-DAK (Monreal, 2016-cı il) layihəsinin müddətsiz sazişinin, IATA ilə sazişlərin və təşkilatın 90-dan çox mövcud beynəlxalq sazişlərinin həyata keçirilməsi üzrə Dövlətlərarası Şura/DAK-ın işinin yekunları və fəaliyyətinin daha da təkmilləşdirilməsi barədə məruzəni təqdim edib. T.Anodina regionda mülki aviasiya sahəsində və dünya aviasiyasında təhlükəsizlik sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə 2018-ci ilin fevral ayında IATA-nın baş direktoru A. de Jünyak ilə keçirilən danışıqların nəticələri barədə məlumat verib.

Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə və AZAL QSC-nin rəhbəri, Dövlətlərarası Şurasının birinci vitse-prezidenti Cahangir Əsgərov iclas iştirakçılarını salamlayıb.

Şuranın sessiyasında geniş əhatəli məsələlər – ICAO-DAK layihəsinin reallaşdırılmasının gedişatı; regionda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin vəziyyəti; aviasiya qaydaları sisteminin təkmilləşdirilməsi və onların bundan sonra da ICAO-nun standartları və IATA-nın tövsiyələri ilə uyğunlaşdırılması; hava hərəkətinin təşkili və aeronaviqasiya təminatının təkmilləşdirilməsi sahəsində Dövlətlərarası Şura/DAK-ın təşəbbüsləri; hava nəqliyyatı fəaliyyətinin liberallaşdırılması, Sazişə üzv dövlətlərin əhalisi üçün aviasiya xidmətlərinin əlçatanlığının artırılması, ICAO və IATA ilə əməkdaşlıqda aviasiya mütəxəssislərinin hazırlanması üzrə beynəlxalq proqramın həyata keçirilməsi; elmi tədqiqat və ekspert fəaliyyətinin inkişafı, DAK-ın maliyyə auditi, Dövlətlərarası Şuranın və DAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi kimi məsələlərə baxılmış və müzakirə olunub.

Sessiya çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi, inteqrasiya əməkdaşlığının inkişafı sahəsindəki nailiyyətlərə və yüksək peşəkarlığa görə Sazişə üzv ölkələrin aviasiya müəssisələrinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə xüsusi yer Mərkəzi Aerohidrodinamika İnstitutunun 100 illiyi ilə əlaqədar mükafatlandırılmasına verilib.

Sessiya iştirakçıları tərəfindən Dövlət Şurası/DAK-ın təşəbbüsləri, ilk növbədə aviasiya hadisələrinin müstəqil araşdırılması və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanması olmaqla Dövlət Şurası/DAK tərəfindən uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq proqramların həyata keçirilməsi üzrə görülən işlərin vacibliyi sessiya iştirakçıları tərəfindən bəyənilmiş, onlar ICAO, region dövlətləri, IATA və beynəlxalq aviasiya birliyi ilə sıx əməkdaşlıqda fəaliyyətin bu istiqamətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sessiya iştirakçıları ICAO-nun “Heç bir ölkə diqqətdən kənar qalmayacaq” Proqramı və IATA-nın "Təhlükəsizlik naminə Tərəfdaşlıq" Proqramına sadiq olduqlarını təsdiq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.