İQTİSADİYYAT
Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının “Vergi borclarının idarə edilməsi” üzrə işçi qrupunun ilk iclası işə başlamışdır
Bakı, 6 mart (AZƏRTAC). Martın 6-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) “Vergi borclarının idarə edilməsi” üzrə işçi qrupunun ilk iclası öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə İOTA-ya daxil olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri iştirak edirlər.
Vergilər nazirinin müavini Sahib Ələkbərov işçi qrupunun ilk iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O, son illər ölkəmizdə bu sahədə bir sıra nailiyyətlər əldə olunduğunu, vergi borclarının məcburi alınması ilə bağlı inzibatçılığın xeyli təkmilləşdirildiyini diqqətə çatdırmışdır.
Vergilər Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verdiyini deyən S.Ələkbərov İOTA-nın işçi qrupunun Bakıda keçirilən iclasının iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi borclarının idarə olunması sahəsində səmərəliliyin daha da artırılması istiqamətində mühüm addım olacağını söyləmişdir.
İOTA-nın texniki eksperti, işçi qrupunun rəhbəri Yevgenius Soldatkovas iclasda müzakirə olunacaq məsələlər, xüsusilə iflasa uğramaqda olan şirkətlərdə vergi borclarının idarə olunması, qarşıya çıxan problemlərin həllində alternativ vasitələr və s. barədə iştirakçılara ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, iclasın əsas məqsədi bu sahədə təcrübələri paylaşmaq, fikir mübadiləsi aparmaq və iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
Yevgenius Soldatkovas məlumat vermişdir ki, bu ilin oktyabrında İOTA-nın növbəti iclası Belçikada keçiriləcəkdir. Azərbaycanda vergi borclarının idarə edilməsi sahəsində müəyyən uğurlar əldə olunmuşdur. Bu sahədə ölkənizin təcrübəsi nəzərəçarpandır. Azərbaycanda verginin yığılmasında müxtəlif mənbələrdən (bank hesablarından, iri vergi ödəyicilərinin qeydiyyat kağızlarından və s.) istifadə olunması yaxşı göstəricidir.
Sonra Vergilər Nazirliyinin vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev “Vergi borclarının idarə olunması sistemi” mövzusunda təqdimatla çıxış etmişdir. İ.Vəliyev vergi borclarının strukturu və onun idarə olunmasının strategiyası, vergi borclarının yığılması prosesinin avtomatlaşdırılması, vergi ödəyicilərinin öhdəlikləri və s. haqqında danışmışdır.
İşçi qrupunun iclası martın 8-dək davam edəcəkdir.