İQTİSADİYYAT


Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Birgə İşçi Qrupunun həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin, aparılan danışıqların Azərbaycan-Əfqanıstan əməkdaşlığının inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazası yaradılıb, 15-dək sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb.

S.Məmmədov ötən il iki ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün imkanları qeyd edib.

Ölkələr arasındakı tranzit əməkdaşlığından danışan Birgə İşçi Qrupunun həmsədri ikitərəfli tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə “Tranzit Ticarət və Nəqliyyat üzrə əməkdaşlıq haqqında Saziş”in (Lapis Lazuli marşrutu) imzalanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit əməkdaşlığının genişləndirilməsinə yeni imkanlar açır.

İclasda Azərbaycanda aparılan iqtisadi islahatlar, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri, Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Humayun Qayumi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

İclasda ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, təhsil, səhiyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclasının yekunlarına dair protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.