İQTİSADİYYAT
Bakıda Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının açılışı olub
Bakı, 6 may, Əziz Məmmədov, AZƏRTAC
Mayın 6-da Bakıda Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Ticarət-Sənaye Palatası (TSP) işgüzar dairələrin mövcud və perspektivli biznes planlar üzrə işini əlaqələndirəcək, azərbaycanlı və bolqarıstanlı sahibkarlar arasında əlaqələrin nizamlanmasına və dərinləşməsinə xidmət edəcək.
TSP-nin açılış mərasimində Bolqarıstanın vitse-prezidenti İliana Yotova, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Mayya Xristova, Azərbaycan-Bolqarıstan və Bolqarıstan-Azərbaycan ticarət-sənaye palatalarının, Azərbaycan İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri, digər rəsmi şəxslər iştirak ediblər.
Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatasının sədri Dimitar Bratanov xatırladıb ki, TSP son 3 ildə Azərbaycanda bir neçə layihənin uğurla reallaşdırılmasında fəal iştirak edib. O deyib: “Bu layihələr arasında İSMA BİKES Velosiped zavodunun açılışını xüsusi qeyd etmək lazımdır. İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndinin ərazisində tikilmiş bu istehsalat müəssisəsinin layihəsi Sofiya Velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb”.
TSP rəhbəri daha sonra bildirib ki, Palata Bakı Slavyan Universiteti (BSU) ilə uğurlu əməkdaşlığı davam etdirmək niyyətindədir. BSU-da bolqar dili və ədəbiyyatı bölməsi, habelə bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir.
Bolqarıstanın vitse-prezidenti İliana Yotova deyib ki, Bolqarıstan nümayəndə heyətinin Azərbaycana səfərinin proqramında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində iştirak etməklə yanaşı, digər görüşlər də nəzərdə tutulub. O deyib: “Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdə belə bir ümumi fikrə gəldik ki, Azərbaycan-Bolqarıstan münasibətləri indiki ilə müqayisədə daha yüksək səviyyədə olmalıdır. İqtisadi əməkdaşlığı, o cümlədən kənd təsərrüfatında əməkdaşlığı inkişaf etdirmək barədə müxtəlif ideyalarımız var. İkitərəfli münasibətlərimiz siyasət, energetika və mədəniyyət sahələrini əhatə edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Veliko-Tırnovoda mədəni layihənin həyata keçirilməsində fəal iştirak edib və bu işə böyük töhfə verib. Bu, əlbəttə ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb”.
Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Bolqarıstanla yenidən sıx iqtisadi əlaqələr yaratmağa başlayıb. S. Babayev deyib: “Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi münasibətlər dinamik inkişaf edir. Bundan əlavə, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük potensial var. Ölkəmizin iqtisadi inkişafının prioritetlərindən biri Azərbaycanın ixrac potensialını stimullaşdırmaq və “Made in Azerbaijan” milli brendinə uyğun malları təbliğ etməkdir. Düşünürəm ki, Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının uğurlu işi daha sıx işgüzar əlaqələr yaradılmasına, brendlərin qarşılıqlı tanınmasına xidmət edəcək”