MƏDƏNİYYƏT


Bakıda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin üçüncü plenumu keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) qurumun 2018-2022-ci illər üzrə fəaliyyətinin Əsas İstiqamətləri Proqram sənədinə müvafiq olaraq MİHİ-nin şəhər və rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən sosial dialoqun inkişaf etdirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair üçüncü plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ötən plenumdan indiyədək komitənin fəaliyyəti və gündəlikdə duran təşkilati məsələlər barədə məlumat verib.

Sosial dialoq və onun sosial ictimai həyatda zəruriliyindən danışan C.Səttarova bunun qarşılıqlı etimada, bərabər hüquqa, tərəflərin bir-birinə olan məsuliyyətinə əsaslanan sosial münasibətlərin xüsusi bir forması olduğunu qeyd edib. Bu baxımdan onun inkişaf etdirilməsi və əməli fəaliyyətdə ondan daha geniş istifadə edilməsi Həmkarlar İttifaqlarının fəaliyyətinin strateji xəttini müəyyənləşdirən başlıсa vəzifələrdən biridir. Uğurla aparılmış sosial dialoqun son nəticəsi tərəflərin əldə etdikləri qarşılıqlı razılaşmalar əsasında üçtərəfli və ya ikitərəfli müqavilələrin bağlanılmasındadır.

“Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının da sosial dialoqun aparılmasında və sosial tərəfdaşlıq prinsiplərinin inkişaf etdirilməsində tarixi köklərə əsaslanan böyük və zəngin təcrübəsi var. MİHİ-nin Respublika Komitəsi ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyənləşdirib, tənzimləyən Baş Kollektiv Sazişin müddəalarını əsas götürərək əməli fəaliyyətində sosial dialoq məsələlərinə böyük önəm verir. Hazırda sosial tərəfdaşlarımız olan Mədəniyyət, Gənclər və İdman nazirlikləri və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə ittifaq üzvlərinin əmək şəraitinin, sosial-iqtisadi mənafelərinin və təminatının daha da yaxşılaşdırılmasına yönəlmiş ikitərəfli sahə sazişləri imzalanıb”, - deyə C.Səttarova qeyd edib.

MİHİ RK-nın sədri bildirib ki, son 10 ildə ölkədə baş verən hüquqi və sosial iqtisadi problemlərin pozitiv inkişafı, bağlanılmış sazişlərin icrasına əlverişli imkanlar yaradıb. 2017-сi ildə keçirilmiş Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII Konfransında ittifaqın gələcək 5 illik fəaliyyətini müəyyənləşdirən “Əsas İstiqamətlər” Konsepsiyası qəbul edilib. Məqsəd növbəti 5 ildə sosial dialoqun inkişaf etdirilməsi, təşkilati və Nizamnamə fəaliyyətinin güсləndirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin və hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi istiqamətindəki fəaliyyətin daha da gücləndirilməsi olub.

C.Səttarova, həmçinin əlavə edib ki, hər ilin sonunda ərazi sazişləri və kollektiv müqavilələr bağlanarkən Respublika Komitəsinin mövqeyini əks etdirən tövsiyələr hazırlanaraq MİHİ-nin şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələrinə göndərilib.

Araşdırmalar zamanı bəzi nöqsanların da aşkar edildiyini bildirən natiq bir çox rayon komitəsində saziş və kollektiv müqavilələrin tərtibatında bəsitliyə, orfoqrafik səhvlərə və şüarçılığa yol verilir, danışıqların aparılması üçün ikitərəfli komissiyalar yaradılmır. Saziş və müqavilələrin məzmunları ildən-ilə təkrarlanır, bəzən isə Respublika Komitəsi tərəfindən hazırlanan və yerlərə çatdırılan nümunələr heç bir dəyişiklik və əlavələr edilmədən imzalanmağa təqdim edilir.

Plenumda MİHİ-nin Goranboy rayon komitəsinin sədri Nizami Abdullayevin, Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlovanın çıxışları dinlənilib.

Sonda MİHİ-nin işində xidmətlərinə görə fərqlənən bir qrup şəxs fəxri fərmanlara layiq görülüblər. Həmkarlar İttifaqı işində xidmətlərinə görə və anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin Həmkarlar Komitəsinin sədri Azər Əliyev də təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.