İQTİSADİYYAT


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbəti VII hesabat-seçki konfransı keçirilib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti VII hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl cəmiyyətin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra hesabat-seçki yığıncağında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

Tədbirdə məlumat verilib ki, 1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin təşəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılıb və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınıb.

Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Nizamnaməsində göstərildiyi kimi, “cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır”.

Konfransda Milli Məclisin deputatı Vüqar Bayramov, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Qiymətləndiricilər Cəmiyyətinin gələcək fəaliyyətində onlara uğurlar arzulayıblar.

Konfransda sədrin və Nəzarət Təftiş Komissiyasının (NTK) hesabatı dinlənilib, təşkilatın yeni sədrinin, idarə heyətinin və NTK üzvlərinin seçilməsi, Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsi və bir sıra cari məsələlər müzakirə olunub.

Sonda "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin bu gün keçirilmiş 7-ci hesabat-seçki konfransında Vüqar Oruc Əlövsət oğlu qurumun İdarə Heyətinə yeni sədr seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.