İQTİSADİYYAT


Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib VİDEO

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. “Son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna yüksək diqqət göstərilir. Bu diqqətin nəticəsi kimi aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub”, - deyən İnam Kərimov qeyd edib ki, kənd təsərrüfatında səmərəli idarəçilik, innovasiyaların tətbiqi, fermerlərə daha yaxınlıq əsas fəaliyyət prinsiplərinə çevrilib.

Ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıqdan danışan nazir qeyd edib ki, ötən il Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı məhsullarının ümumi ticarət dövriyyəsi 192 milyon ABŞ dolları təşkil edib. 2013-2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac olunan aqrar məhsulların həcmi 65,3 faiz, idxal olunan məhsulların həcmi isə 2,3 dəfə artıb.

"Azərbaycanda Türkiyənin işgüzar dairələri üçün qarşılıqlı maraq kəsb edən emal və istehsal imkanları var. Ölkəmizdə aqrobiznes sektoru böyük potensiala malikdir. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşlərimizdə belə qənaətə gəldik ki, iki ölkənin toxumçuluq, fındıqçılıq, pambıqçılıq və digər aqrar sahələrdə əməkdaşlıq imkanları daha genişdir ", - deyə İnam Kərimov bildirib.

İnam Kərimov vurğulayıb ki, bu gün qloballaşan dünyada uğurlu biznesi və iqtisadiyyatı innovasiyasız, texnologiyasız təsəvvür etmək mümkün deyil. Buna görə də innovasiyaların tətbiqi ilə daha güclü istehsala nail olunmalıdır.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli çıxışında ölkələrimiz arasında aqrar sahədə qarşılıqlı əməkdaşlığın önəmindən danışaraq, ortaq maraq kəsb edən sahələrdə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını deyib. Qarşılıqlı ticarətin həcminin artırılması üçün real imkanların olduğunu söyləyən Bekir Pakdemirli Azərbaycanın Türkiyənin inkişaf etmiş aqrar potensialından yararlana biləcəyini vurğulayıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında diqqətə çatdırıb ki, qarşıdakı illərdə Türkiyə ilə ticarət əlaqələrinin daha da genişləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının idxalı və ixracının asanlaşdırılması məqsədilə subyektlərin qeydiyyatı, sertifikatlaşması, tənzimlənməsi üzrə dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət ciddi əhəmiyyət kəsb edəcək. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılması qida təhlükəsizliyi sahəsində bütün ciddi məsələlərin həllinə əsas verəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizin biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizdə bir çox türk şirkətlərinin, eləcə də Türkiyədə Azərbaycan iş adamlarının fəaliyyət göstərdiyini deyib.

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin rəhbəri Leyla Məmmədova, "Azersun Holding"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl və başqaları çıxış edərək bildiriblər ki, bugünkü tədbir ölkələrimiz arasında iqtisadi münasibətləri daha da gücləndirəcək, eyni zamanda, iş adamları arasında səmərəli dialoqun qurulmasına öz töhfəsini verəcək.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.