CƏMİYYƏT
Bakıda Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Bakıda Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən “Turkaz” şirkətinin rəhbəri Yeganə Quliyeva mövzunun aktuallığını vurğulayıb. O, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində belə görüşlərin mühüm rolunu qeyd edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında, o cümlədən sahibkarlıq sahəsində rolunun artdığını vurğulayıb. O, regionda qadınların sahibkarlıq fəaliyyətlərinin artırılmasının, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynurə Veysəlova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və digər çıxış edənlər qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar və onların sayı getdikcə artmaqdadır.
Türkiyənin tanınmış iş adamı Ece Vahaboğlunun moderatorluğu ilə davam edən tədbirdə hər iki ölkənin işgüzar xanımları arasında əməkdaşlıq imkanları müzakirə olunub.