CƏMİYYƏT
Bakıda “Azərbaycan ailə modelinin inkişaf strategiyası” konfransı keçirilib
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də ailə məsələləri ilə bağlı ictimai müzakirələr çərçivəsində “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ailə məsələləri mövzusunda ictimai müzakirələrə geniş yer verilməsi, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş işlək mexanizmlərin yeni formatlarının müəyyən edilməsinə nail olmaqdır.
AQUPDK yanında İctimai Şuranın sədri Sahib Məmmədovun moderatorluğu ilə təşkil olunan konfransda dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, ziyalılar və Bakı şəhərində yaşayan fəal ailələr iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq Azərbaycanda ailə günü ilə bağlı bayram və festivalların 2007-ci ildən keçirildiyini bildirib. Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılmasının və ailə institutunun təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri ailə institutunun bu günü və gələcəyi, ailələrin üzləşdiyi çətinliklər, onların rifahı üçün qəbul olunan beynəlxalq sənədlərin, eləcə də milli qanunvericilik aktlarının Komitənin üzərinə qoyduğu öhdəliklər barədə danışıb.
Bahar Muradova belə həssas məsələdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, deputatların, medianın, ziyalıların rolunu yüksək qiymətləndirib. Komitə sədri qeyd edib ki, ailə bir cəmiyyətdir, onu qanunlarla məhdudlaşdırmaq mümkün deyil. "Qaydaları dəyişmək əvəzinə, cəmiyyət olaraq özümüz dəyişməliyik. Hamımız birgə çalışmalıyıq. Bununla biz diqqətdən kənarda qalan və qayğıya ehtiyacı olan ailələrə kömək edə bilərik", - deyə komitə sədri qeyd edib.
Şəhər və regionlarda yaşayan ailələr arasında mövcud fərqlərə diqqət çəkən B.Muradova şəhərlərdə yaşayan ailələrə mühitə və şərtlərə uyğun olaraq mövcud tendensiyaların təsirindən bəhs edib. O, ailə dəyərlərinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsində diqqətli olmağı tövsiyə edərək, bu məsələdə mənfi deyil, müsbət tendensiyaları əsas tutmağın vacibliyini vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, universal xarakterinə görə beynəlxalq institut kimi ən güclü təməl olan ailə indi qlobal məkanda tədricən milli-mənəvi dəyərlər zəncirinin zəif həlqəsinə çevrilib. Azərbaycanın möhkəm ailə institutunun əsrlər boyu müxtəlif sınaqlara qatlaşmaq, fərqli ideoloji və siyasi quruluşlarda özünü qorumaq qabiliyyətində olduğu qeyd edilib.
“Qalib Azərbaycan dünyada tanınır və təbii olaraq qalib Azərbaycan ailəsi özünə böyük nüfuz qazanıb. Ölkəmizin, Qarabağın tarixi bizim möhkəm ailə dəyərlərinə malik olduğumuzu göstərir. Gənclərin sağlam mühitdə, böyüklərə və ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunması Azərbaycanda ailə strategiyasının əsasını təşkil edir”, - deyə Z.Oruc diqqətə çatdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri hazırda ailə dəyərlərinin radikal dəyişikliklər nəticəsində sınaq dövrü keçdiyini bildirib. Eyni zamanda, dövlətimizin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkəmizdə milli maraqlarımızı qoruyan sosioloji fenomen olan ailə dəyərlərinin qorunub saxlanması, ailə institutunun təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Azərbaycanın yeni tarixi mərhələyə - Qarabağın azad edilməsi ilə başlayan yeni dövrə qədəm qoyduğunu bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri dövlətimizin apardığı uğurlu siyasət nəticəsində həmin ailələrin tezliklə öz doğma yurdlarına qovuşacaqlarını vurğulayıb.
AMEA Qadınlar Şurası sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Mövcud ailə sisteminin elmi-nəzəri əsasları”, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Ənənəvi və müasir mediasiya”, MEDİA-nın Audiovizual media üzrə eksperti Səbinə Seyidova “Azərbaycan mediasında ailə obrazının işıqlandırılması”, BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə Əliyeva “Ailə institutunun formalaşmasında yeni təşəbbüslər və müasir tendensiyalar” mövzularında çıxış edərək ailə dəyərlərinin qorunub saxlanması və ailə institutunun təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Konfrans müzakirələrlə davam edib.