SİYASƏT


Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik ediblər.

Tərəflər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgənin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd ediblər. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP, TANAP və digər enerji dəhlizləri, habelə iki ölkənin iştirak etdiyi müxtəlif regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər. Qeyd olunub ki, bu günədək iki ölkə arasında 109 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar aparılan danışıqlar prosesi və Gürcüstan ərazisində olan münaqişələrlə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirilib.

Eyni zamanda, hər iki ölkənin inkişafında vacib yer tutan turizm sektorunun təşviqi baxımından birgə təklifləri ehtiva edən konkret layihələr üzərində əməli işlərin uğurla tamamlanması barədə məmnuniyyət ifadə olunub.

Həmçinin cari ilin iyun ayında Batumidə təşkil ediləcək Azərbaycan mədəniyyət günlərinin humanitar sahədə əməkdaşlığa yeni təkan verəcəyinə dair əminlik ifadə olunub. Məsləhətləşmələr çərçivəsində ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı xüsusi qeyd edilib.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycanın və Gürcüstanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.