CƏMİYYƏT


Bakıda Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclası keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi hər iki ölkənin sərhədyanı ərazilərində daxili işlər orqanlarının birgə fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclasında iştirak etmək olub.

Oktyabrın 23-də xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclası işə başlayıb.

Nazir Ramil Usubov tədbirdə çıxış edərək Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi və başçılıq etdiyi nümayəndə heyətini salamlayıb, toplantının işinə uğurlar arzulayıb. Gündəlikdəki məsələlər üzrə çıxış edən nazir R.Usubov bu gün iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğunu, prezidentlər İlham Əliyevin və Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, ölkələrimiz arasında strateji tərəfdaşlığın, cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini, ikitərəfli münasibətlərdə hüquq-mühafizə fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazirliklər arasında əməkdaşlığın əsas prioritetlərindən birinin sərhədyanı bölgələrdə ictimai təhlükəsizliyin, dayanıqlı sabitliyin etibarlı təmini olduğunu nəzərə çatdıran nazir qarşıya qoyulan bütün vəzifələrin və verilən tapşırıqların birgə səylərlə uğurla yerinə yetirildiyini, bu işdə İşçi Qrupun da önəmli rola malik olduğunu məmnunluqla xatırladıb.

O, Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi ilə də səmərəli əməkdaşlığın mövcudluğunu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin keçirildiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğunu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılmasını, axtarışda olanların tutulmasını, onların ekstradisiyasını, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkil edildiyini bildirib.

İclasda İşçi Qrupun yarandığı vaxtdan indiyədək birgə əməliyyat-profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində xeyli müsbət təcrübə qazandığı, bununla da ümumi işə töhfə verdiyi nəzərə çatdırılıb. Qeyd olunub ki, “Sərhəd-Sipər” kompleks əməliyyat-profilaktik tədbirlərin keçirildiyi təkcə son beş il ərzində Azərbaycan tərəfindən 535 odlu silah, 43 min ədəd hərbi sursat aşkarlanaraq götürülüb, axtarışda olan 202, o cümlədən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan 85 nəfər tutulub.

Nazir beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki tərəfdən fəal əməliyyat-profilaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyini, bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Ramil Usubov cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması, axtarışda olanların tutularaq ekstradisiya olunması, kadr hazırlığı və qarşılıqlı maraq doğuran informasiya mübadiləsi sahələrində köməyə, əlaqələrin inkişafına göstərdiyi diqqətə, əməkdaşlığa böyük şəxsi töhfəsinə görə Vladimir Kolokoltsevə təşəkkürünü bildirib.

Rusiya Federasiyasının daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını ifadə edib. İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclasının Bakıda keçirilməsinin bunun əyani təzahürü olduğunu qeyd edən rusiyalı nazir hazırkı səfərin də beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, bunun son vaxtlar iki nazirlik arasındakı ənənəvi sıx peşəkar əlaqələrin məqsədyönlü şəkildə yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Vladimir Kolokoltsev bu səfərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacağına, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcəyinə inandığını bildirib.

İclasda sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və birgə razılaşdırılmış səylərin səmərəliliyinin artırılması istiqamətində Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşlığının vəziyyəti, xüsusiləşdirilmiş İşçi Qrupun fəaliyyəti, 2019-2020-ci illərdə həmsərhəd ərazilərdə onun təşkilati-praktik tədbirlər planı, bu il keçirilmiş “Sərhəd-Sipər” kompleks əməliyyat-profilaktik tədbirlərinin yekunları müzakirə edilib.

İclasda xüsusiləşdirilmiş İşçi Qrupun hər iki ölkədən olan həmsədrlərinin – Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedovun və Azərbaycan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirovun məruzələri də dinlənilib.

Tədbir nazirlərin iştirakı ilə yekun sənədlərin, o cümlədən sərhədyanı ərazilərdə birgə fəaliyyətin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun Bakı iclasının Protokolunun imzalanması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.