SİYASƏT


Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib YENİLƏNİB

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündən sonra birgə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında münasibətlərin mehriban qonşuluq və möhkəm dostluq ənənələrinə malik olduğunu qeyd edib. İki ölkə arasında bütün istiqamətlər üzrə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayan Azərbaycanın xarici işlər naziri deyib ki, ölkələrimizin möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Rusiya arasında indiyədək çoxsaylı müqavilələr, sazişlər və müxtəlif sənədlər imzalanıb. Dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə mühüm sənədlərdəndir.

Müxtəlif istiqamətlərdə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdıran Azərbaycanın xarici işlər naziri qeyd edib ki, iqtisadi əlaqələrin pandemiyadan sonra daha da artması ticari dövriyyənin artımına səbəb olub.

Hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Azərbaycanın xarici işlər naziri nəqliyyat-kommunikasiya sahəsində və digər sahələrdə layihələrin uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycanla Ermənistan arasında münaqişənin artıq həll olunduğunu qeyd edən nazir deyib: “Azərbaycan regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır. Bu məsələdə Rusiyanın dəstəyini yüksək qiymətləndiririk. Üçtərəfli Bəyanat təhlükəsizliyə təminat verir. Əvvəlki vəziyyətə baxdıqda, hazırda müəyyən məsələlərdə pozitiv məqamlar var. Qərarlar çətin verilsə də, bunlar müsbət planda ardıcıl və davamlı olmalıdır. 2022-ci ilin fevral ayında Azərbaycan növbəti addımı ataraq Ermənistan tərəfinə ölkələrarası münasibətlərin bərpası ilə bağlı 5 əsas prinsipi təqdim edib. Bu gün biz müzakirələrdə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində ən çox kommunikasiya əlaqələrinin açılması məsələsində irəliləyiş əldə edə bildik”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinin sürətlə apardığını diqqətə çatdıran Ceyhun Bayramov deyib ki, Rusiya şirkətlərinin bu prosesdə iştirakında maraqlıyıq. Dəmiryolu relsləri Rusiyanın hesabına əldə edilir. İnanırıq ki, bu sahədə əməkdaşlığımız davam edəcək. XİN rəhbərinin sözlərinə görə, Xəzər dənizi münasibətlərdə mühüm element kimi çıxış edir. Rusiya və Azərbaycan ratifikasiya məsələsini keçiblər. Bu sahədə normativ aktlar hazırlanıb. Bu yaxınlarda Türkmənistanda keçiriləcək sammitdə Xəzərin ratifikasiyası təsdiqlənəcək.

“Azərbaycan beynəlxalq təhlükəsizlik sahəsində qonşu ölkələrlə əməkdaşlıq etməyə hər zaman hazırdır”, - deyə azərbaycanlı nazir əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırıb ki, Rusiya və Azərbaycanı çoxəsrlik tellər bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə xarici siyasətin əlaqələndirilməsini və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini özündə ehtiva edir.

Hökumətlərarası Komissiyanın fəaliyyətindən danışan rusiyalı nazir bildirib ki, müharibədən sonra sərhədlərin delimitasiyası ilə bağlı işlər gedir. Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın ikinci görüşündə iştiraka hazır olduğunu təsdiq edib. “Bizim müntəzəm əlaqələrimiz davam edir. Biz iki həftə sonra Peterburqda yenidən görüşəcək və bu məsələlərlə bağlı müzakirələr aparacağıq”, - deyə Sergey Lavrov vurğulayıb.

Sergey Lavrov Rusiyanın Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razı olduğunu söyləyib: “Ümumilikdə, regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı Azərbaycanla dialoqumuz var. Bizim dostluğumuz nümunədir. Bura bizim BMT, ATƏT-dəki əməkdaşlığımız da daxildir. Biz Azərbaycanla diplomatik dialoqun inkişafı yolundan razıyıq, hansı ki, bu, ikitərəfli iqtisadi, humanitar və digər əlaqələri, xarici siyasət sahəsində əməkdaşlığı tamamlamağa kömək edir. Bugünkü müzakirə mövzusu beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı idi və biz bununla bağlı sənədi imzaladıq”.

Rusiya və Azərbaycan arasında əməkdaşlığın getdikcə genişləndiyini vurğulayan Sergey Lavrov əlaqələrin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. Xəzərin statusu ilə bağlı danışan rusiyalı nazir bildirib ki, tezliklə Aşqabadda bu məsələ öz təsdiqini tapacaq.

Sergey Lavrov, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiyanın iştirak etməyə hazır olduğunu bildirib.

Görüşdə BMT və ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələrin aparıldığını qeyd edən Rusiyanın xarici işlər naziri artıq Minsk qrupunun fəaliyyətinin itirildiyini də vurğulayıb. Nazir əlavə edib ki, humanitar sahədə də əməkdaşlıq genişləndirilir və yeni layihələr reallaşdırılır.

Nazirlər jurnalistlərin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.