ELM VƏ TƏHSİL
Bakıda “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda elmi konfrans keçirilir
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Bakıda “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda ikigünlük respublika elmi konfransı öz işinə başlayıb. Konfrans Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov mövzunun aktuallığını vurğulayıb, ölkə iqtisadiyyatının infrastrukturunda əsas yer tutan nəqliyyatın inkişaf perspektivlərindən və bu sahədə aparılan elmi-tədqiqat işlərindən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycan nəqliyyat sisteminin son nailiyyətlərindən və aktual problemlərindən söz açıb. O, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nı xatırladıb. Qeyd edib ki, sənəddə əksini tapan tapşırıqların icrası çərçivəsində Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi, ictimai iştirakçılığın təmin olunması planlaşdırılır. Avtomobil nəqliyyatı vacib sahədir və bu istiqamətdə alimlərin tədqiqat aparmaları üçün zəruri şərait yaradılıb.
Konfransda “Dizel yanacaq sisteminin yüksək təzyiq borusunda ikifazalı mühitdə zərbə dalğasının yayılması prosesinin riyazi modelləşdirilməsi”, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi məsələsinə kompleks yanaşma”, “Logistik əhəmiyyətli və əhalinin sıx olduğu ərazilərdə avtostansiyaların təşkili” mövzularında məruzələr dinlənilib.
Konfrans işini bölmə iclaslarında davam etdirib.
Tədbirdə ictimai xadimlər, Azərbaycanın nəqliyyat, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.