İQTİSADİYYAT
Bakıda “BakuBuild-2013” XIX Azərbaycan Beynəlxalq inşaat sərgisi açılmışdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Bakı Sərgi Mərkəzində “BakuBuild-2013” XIX Azərbaycan Beynəlxalq inşaat sərgisinin açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov sərginin əhəmiyyətindən və inşaat sənayesinin inkişafına verdiyi töhfədən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanda son illər tikinti-quruculuq işləri böyük vüsət almış, yeni müəssisələr açılmış, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
Sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev sərginin Azərbaycanda tikinti və şəhərsalmanın inkişafına öz müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.
“ITE Group Plc” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək bildirmişdir ki, ötən illərlə müqayisədə bu il sərgi meydançası üzrə 20 faiz artım müşahidə edilmişdir.
Qeyd olunmuşdur ki, sərgidə 32 ölkədən 490 şirkət öz istehsal etdikləri məhsulları və avadanlıqları nümayiş etdirir. Həmin şirkətlər ziyarətçilərə ən müasir və qabaqcıl inşaat texnologiyalarını, tikinti materiallarının geniş çeşidini, eləcə də santexnika və tikinti-inşaat texnikasını təqdim edirlər. Sərginin builki ekspozisiyasına həm açıq meydançalar, həm də qapalı ərazilər üçün nəzərdə tutulmuş idman inventarı və uşaq meydançaları, habelə mebel əşyaları daxildir. Burada şəhər dekorasiyasında tətbiq olunan işıqlandırma və səs avadanlıqları istehsal edən şirkətlər ilk dəfə iştirak edirlər.
Sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan yeddi milli qrupla yanaşı, Türkiyə və Çindən olan sahibkarlar kollektiv öz məhsullarını təqdim edirlər.
Bildirilmişdir ki, bu il yerli iştirakçıların da sayı artmışdır və onlar sərgi meydançasının 38 faizini tuturlar. Azərbaycan şirkətlərindən olan “Akkord”, “Azbentonit”, “Baku Steel Company” (Bakı Polad Zavodu), “Basf Caspian”, “Enilik”, “Holcim Azerbaijan”, “Gilan Holding”, “Mətanət A”, “Mr. Fix” tikinti materialları və inşaat xidmətləri üzrə çoxşaxəli yerli istehsal sənayesini nümayiş etdirirlər.
Sərginin baş sponsoru “Norm” şirkəti, “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri isə digər sponsorlardır.
Nəzərə çatdırılmışdır ki, “BakuBuild” sərgisi ilə yanaşı, daha 2 ixtisaslaşmış ekspozisiyanın - “Aqua-Therm Baku” V Yubiley Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” sərgisi və “CIPS” VI Xəzər Beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi də keçirilir.
Sərgilər oktyabrın 26-dək davam edəcəkdir.