CƏMİYYƏT


Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə seminar keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Əməyin mühafizəsinin norma və qaydalarının BƏT-in tövsiyə və konvensiyalarına uyğunluğu” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan AHİK sədrinin müavini Cavanşir Alxasov işçilərin əməyinin və sağlamlığının mühafizəsi məsələlərinin konfederasiyanın prioritet vəzifələrindən biri olduğunu bildirib. O deyib: “Bu, bir həqiqətdir ki, vətəndaşların əmək hüquqlarının təmin edilməsi onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə hər bir ölkədə ədalətli cəmiyyət quruculuğunu şərtləndirən əsas amillərdən biridir. Dünya iqtisadiyyatının qloballaşdığı bir vaxtda işçilər üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi kimi aktual bir məsələnin həllində səylərin cəmləşdirilməsi olduqca zəruridir. İş yerlərində əmək şəraitinin BƏT tərəfindən müəyyən edilən norma və standartlara uyğunlaşdırılmasının təşkili həmkarlar ittifaqlarının üzərinə məsul vəzifələr qoyur. Bu vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi onların bilik və təcrübəsindən, peşəkarlıq səviyyəsindən, dünya təcrübəsinə yiyələnməkdən çox asılıdır.

AHİK və onun üzv təşkilatları beynəlxalq həmkarlar ittifaqları birlikləri, respublikanın hakimiyyət və idarəetmə orqanları ilə əməyin mühafizəsinin yeni hüquqi bazasının yaradılması və mövcud hüquqi bazanın təkmilləşdirilməsi üçün ardıcıl xətt yürüdürlər. Respublikamızda BƏT-in 58 konvensiyası ratifikasiya olunub, konvensiyaların bir sıra tələbləri respublikamızın əmək, mülki, cinayət-prosessual, inzibati xətalar məcəllələrində öz əksini tapıb.

Tərəfimizdən əməyin mühafizəsi ilə bağlı bir sıra qanunverici və normativ aktlara aid verilmiş izahatlar “Analığın mühafizəsi haqqında” BƏT-in 183 saylı Konvensiyasının ratifikasiyasını təmin edib. Hazırda əməyin mühafizəsi ilə əlaqədar BƏT-in bəzi, o cümlədən 29, 131, 155, 168, 184 və 187 saylı konvensiyalarının ratifikasiya olunması üçün sosial tərəfdaşlarla birlikdə müvafiq iş aparılır.

Bu gün biz sosial əməkdaşlığın səmərəliliyini yüksəltmək məqsədilə sosial tərəfdaşlarımızla yüksək səviyyədə konstruktiv əməkdaşlıq edirik”.

Diqqətə çatdırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, AHİK-in və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 2012-ci ildə birgə qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartizm) Sosial Şuranı, 2016-cı ildə Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi bunun bariz nümunəsidir. Adıçəkilən şuranın və komissiyanın yaradılması ölkədə sosial-iqtisadi inkişafın təmin olunmasına, həmin məsələlərin həllinə, sosial tərəfdaşlar arasında daha sıx işbirliyinin yaranmasına, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə qorunmasına, sosial əməkdaşlığın təkmilləşməsinə xidmət edir. Azərbaycan Hökuməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” qəbul edilib. Proqramın hazırlanmasında AHİK fəal iştirak edib.

Vurğulanıb ki, AHİK-in V Qurultayında 2018-2023-cü illər üçün Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərində layiqli əmək şəraitinin yaradılmasına, işləyənlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə, ekoloji problemlərin həllinə və s. nail olmaq nəzərdə tutulub. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq addımlar atılır. “Azərbaycan həmkarlar ittifaqlarının texniki əmək müfəttişliyi haqqında” Əsasnamə yenidən işlənərək ona əlavə bəndlər salınıb. Qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyi və gənclərin məşğulluğunun təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. AHİK hesab edir ki, mövcud sosial, iqtisadi və digər amillərdən, milli xüsusiyyətlərdən və prioritetlərdən səmərəli istifadə etməklə aşağıdakı istiqamətlərdə işlərin görülməsi məsələlərin həllinə müsbət təsir edər: əməyin mühafizəsi ilə bağlı qanunvericilik və normativ aktların təhqiqat və texniki məsələlərinin işlənib hazırlanmasının maliyyələşdirilməsini təmin edən dövlət fondunun və müəssisə səviyyəli fondların yaradılması mexanizminin hazırlanması; Əmək Məcəlləsinə işçilərin sağlamlığının pisləşməsinə görə müəssisələrin iqtisadi məsuliyyət mexanizminin, həmçinin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının iqtisadi stimullaşdırılması mexanizminin daxil edilməsi; Baş Kollektiv Saziş hazırlanarkən “Əməyin mühafizəsi maqında” Qanunun müzakirə edilməsi. Bununla da kompleks şəkildə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına və ekoloji problemlərin həllinə, “yaşıl texnologiyalar”ın, beynəlxalq standartların və normaların tətbiq olunmasına, layiqli əməyin vacib tərkib hissəsi olan “yaşıl iş yerləri”nin yaradılmasına çalışmalıyıq.

BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev deyib ki, Azərbaycan ilə BƏT arasında əməkdaşlıq layiqli əmək üzrə ölkə proqramı çərçivəsində həyata keçirilir. Əməkdaşlıq proqramı 2016-2020-ci illəri əhatə edir. Bu proqram çərçivəsində bir sıra prioritetlər mövcuddur, o cümlədən beynəlxalq əmək normalarının tətbiqi, əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, məşğulluq, xüsusilə gənclərin məşğulluq prioritetlərinin həyata keçirilməsi və sair. Azərbaycanla BƏT arasında əməkdaşlıq intensiv və səmərəli şəkildə həyata keçirilir.

Seminarda Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Valentin Mokanu çıxış edərək bildirib ki, son illərdə Azərbaycan sürətlə inkişaf edir. Bu ölkənin rifahı üçün böyük sərmayə yatırılır. AHİK-in də bu inkişafa mühüm töhfəsi var.

Seminarda əməyin mühafizəsi üzrə BƏT-in son yenilənmə siyasəti, strategiyası və beynəlxalq normalarda olan dəyişikliklər, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normalara əməl edilməsinin səmərəliliyinin artırılması və təkmilləşdirilməsi sahəsində Azərbaycan həmkarlar ittifaqlarının strategiyası, təhlükəsiz əmək şəraitinin yaradılması-peşə xəstəliyi və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması sahəsində BƏT-in tövsiyələri, BƏT-in konvensiya və tövsiyələrinə uyğun olaraq sağlam və təhlükəsiz iş yerlərinin yaradılmasında həmkarlar ittifaqlarının rolu və digər mövzularda müzakirə və diskussiyalar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.