İQTİSADİYYAT
Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Noyabrın 23-25-də Baku Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə “RecExpo II” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycandan və xarici ölkələrdən çoxlu sayda əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.
Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.
Qeyd edək ki, ötən il keçirilən sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukraynadan 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub.