İDMAN


Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi keçirilir

Bakı, 2 dekabr, AZƏRTAC

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi davam edir.

AZƏRTAC xəbər verir ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir. Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək.

Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

FIG-in rəhbər orqanlarının və bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə ediləcək. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinə baxılacaq.

Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.