İDMAN


Bakıda Beynəlxalq Olimpiya Günü ilə bağlı tədbir keçirilib

Bakı, 23 iyun, Həşim Güləmirov, AZƏRTAC

İyunun 23-də Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Beynəlxalq Olimpiya Günü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi sağlam həyat tərzinin əhali arasında geniş təşviq etməklə insanları, xüsusən uşaqları və gəncləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, qurumun Baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, olimpiyaçılar, gənc idmançılar və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, idmanın bir çox növlərində Azərbaycan idmançıları öz güclərini göstərib, müxtəlif yarışlarda medallar qazanıb, bayrağımızı ucaldıblar. Bildirib ki, onlar Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayıblar. “İdmançılarımız bizim fəxrlərimizdir. Bu gün bu tədbirdə bizim görkəmli idmançılarımız, olimpiya çempionlarımız iştirak edirlər. Onların bu cür tədbirlərdə iştirakı gənc idmançıları yeni qələbələrə ruhlandıracaq”, - deyə Ç.Hüseynzadə qeyd edib.

Vitse-prezident gənclərə idmanla məşğul olmağı, idmanı sevməyi və sağlam həyat tərzi keçirməyi tövsiyə edib, keçirilən tədbirin Azərbaycan gənclərini idmana cəlb edəcəyini, idmana həvəslərini artıracağını deyib. O, bundan sonra da Azərbaycanda böyük idmançıların yetişəcəyini söyləyib.

Azərbaycanın Olimpiya çempionu Fərid Mansurov qeyd edib ki, Olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək olimpiyaçıların müqəddəs borcudur. O, tədbirdə iştirak edən gənc idmançıların gələcəyin Olimpiya çempionları olacağına ümid etdiyini deyib. “Biz özümüz də yeniyetmə yaşlarımızda bu cür tədbirlərdə, qaçış yarışlarında iştirak etmişik. Bu tədbirlərin keçirilməsi həm də yeniyetmələrin idmana cəlb edilməsi üçün çox vacibdir”, - deyə F.Mansurov qeyd edib.

Həmçinin bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər. Otuz il ərzində idmançılarımız Yay Olimpiya Oyunlarında 8 qızıl, 14 gümüş və 29 bürünc medal qazanıb.

Tədbirdə Çirlidinq, Gimnastika, Karate və Velosiped federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları təqdim olunub.

Sonra Olimpiya bayramında qaçış yarışları təşkil edilib. Yarışlar iki nominasiya üzrə - oğlanlar və qızlar arasında keçirilib. Oğlanlar arasında yarışın qalibi adını Əliağa Novruzov qazanıb. İkinci yeri Nizam Hamidulin, üçüncü yeri Səid Məmmədov tutublar.

Qızlar arasında keçirilən yarışda birinci yeri Məlikə Məmmədova, ikinci yeri Lina Qurbanova, üçüncü yeri isə Aynur Axundova tutublar.

Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.