CƏMİYYƏT
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir YENİLƏNİB 2
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR ) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də keçirilən açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva konqres haqqında məlumat verib. O, bildirib ki, konqresdə 40-a yaxın ölkədən məruzəçilər iştirak edir. Ümumilikdə, 300-ə yaxın iştirakçısı olan konqresdə 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panelləri, 2 konfransın keçirilməsi planlaşdırılır.
Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu son illər dünyadakı əsas problemlərdən birinin qaçqın və məcburi köçkün problemi olduğunu qeyd edib. O, uşaqlar və körpələrin bundan çox əziyyət çəkdiyini xüsusi vurğulayıb. Assosiasiyanın prezidenti həmin uşaqların sağlamlığının diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb: “Dünyada təqribən səkkiz milyard əhali var, onların da 25 faizini uşaqlar təşkil edir. Müxtəlif ölkələrdə uşaqların fərqli problemləri var. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkənlər, qaçqın həyatı yaşayan körpələrimiz var. Həmin uşaqlara kömək etmək üçün hər birimiz daha çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə tədbirlər böyük əhəmiyyətə malikdir”.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparat rəhbəri, dosent Nadir Zeynalov ölkəmizdə səhiyyə sahəsində əldə olunan uğurlar, aparılan islahatlar haqqında danışıb. O, Səhiyyə naziri Oqtay Şirəliyevin tədbirin iştirakçılarına təbriklərini çatdıraraq konqresin işinə uğurlar arzulayıb.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, professor Nəsib Quliyev bildirib ki, bu gün uşaq həkimlərinin bayramıdır. O, 17 konqresdən beşinin Bakıda keçirilməsinin Azərbaycan səhiyyəsinin və həkimlərinin uğuru adlandırıb. Professor deyib ki, konqresdə uşaqlar arasında sağlamlıqla bağlı, o cümlədən sosial problemlər müzakirə olunur. Baş pediatr tədbirdə aparılacaq müzakirələrlə uşaqların sağlamlığı ilə bağlı problemlərin həllinə doğru daha böyük addımlar atılacağına inandığını qeyd edib.
Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konqresin pediatriyanın bütün sahələrini əhatə etdiyini qeyd edib. Prorektor mütəxəssislərin məruzələrinin və aparılacaq müzakirələrin pediatriyanın inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, konqresin işinə uğurlar arzulayıblar.
Konqres müxtəlif mövzularda məruzələrlə davam edib.
Tədbirə sentyabrın 21-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosunun dəstəkçi olduğu tədbirə təşkilatçılığı Beynəlxalq Pediatriya Assosiasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, “Medvoyage” tibbi turizm şirkəti edir.
Yerli və xarici məruzəçilərin çıxışlar edəcəyi tədbirdə elmi araşdırmalar, həmçinin digər mühüm məlumatlar iştirakçıların diqqətinə çatdırılacaq.
Tədbirin keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həll yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirməkdir.
Qeyd edək ki, Azərbaycan Pediatriya Assosiasiyası və Azərbaycan Konqreslər Bürosu həmin tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı işlərdə mühüm rol oynayıb.