İQTİSADİYYAT


Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının gələn il keçiriləcək Səlahiyyətli Konfransına hazırlıq müzakirə edilib

Bakı, 30 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 33-cü iclası və bu Komissiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçı Qrupunun 18-ci iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə RRB-nin üzvü olan ölkələr, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər ölkələrin rabitə administrasiyalarının səlahiyyətli nümayəndələri və ekspertlər qatılıblar. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Komissiyanın sədri, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, RRB-nin Baş direktoru Nuriddin Muhiddinov və BTİ-nin regional ofisinin rəhbəri Kiril Oparin iştirak ediblər.

Avqustun 29-da keçirilmiş İşçi Qrupunun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Vladimir Minkin rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunub.

Həmçinin BTİ-nin 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı nəzərdən keçirilib.

Adları qeyd olunan tədbirlər rabitə sahəsində beynəlxalq tənzimləmənin həyata keçirilməsi, BTİ-nin növbəti 4 il müddətinə fəaliyyətinin təşkili, rəhbər vəzifələrə, BTİ-nin ali idarəetmə orqanı olan Şuraya seçkilər baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan BTİ-nin Şurasının üzvü olaraq bu tədbirlərdə, qərarların qəbulunda fəal iştirak edir və beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Azərbaycan Buenos-Ayresda keçiriləcək konfransa qatılacaq və 2018-ci ildə keçiriləcək seçkilərdə də Şuraya təkrar üzv seçilmək üçün namizədliyini irəli sürəcək.

Avqustun 30-da Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın 33-cü iclası keçirilib.

İclasda Elmir Vəlizadə gündəlikdəki məsələlər üzrə ölkəmizin münasibətini və mövqeyini bildirib.

Komissiyanın iclasında İşçi Qrupunda hazırlanmış sənəd layihələri müzakirə olunub, qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.