MƏDƏNİYYƏT
Bakıda “Bir uşağa həyat verək” devizi altında xeyriyyə sərgisi açılmışdır VİDEO
Bakı, 18 mart (AZƏRTAC, Pərvanə Rəhimova). Martın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin (İB) təşkilatçılığı və “Təkamül və İnteqrasiya” Beynəlxalq İB-nin dəstəyi ilə “Bir uşağa həyat verək” devizi altında balaca rəssamların xeyriyyə sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İB-nin sədri Kəmalə Əliyeva sərgidə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişinin və satışının təşkil olunduğunu diqqətə çatdırmışdır.
“Təkamül və İnteqrasiya” İB-nin sədri Arzu Qədirova bildirmişdir ki, sərgidə nümayiş olunan hər bir əsər uşaqların Azərbaycan haqqında təsəvvürlərini əks etdirir. Bu tədbirin keçirilməsi həm şagirdlər, həm sağlamlıq problemləri olan körpələr üçün bahar hədiyyəsidir.
Diqqətə çatdırılmışdır ki, sərgidə məktəb şagirdlərinin əl işi olan 51 tablo nümayiş olunur. Bu əsərlərin satışından əldə edilən vəsait müxtəlif xəstəlikləri olan dörd uşağın müalicəsinə sərf olunacaqdır.
Sərgidə QHT rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.