CƏMİYYƏT


Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

Bakı, 2 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 51-ci ildönümü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhəmməd Əl Bluşi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu il, eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olduğunu göstərir.

Azərbaycan Prezidenti və Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.

Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.