MƏDƏNİYYƏT


Bakıda “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, “Daş Salnamə” Muzeyində təşkil olunan konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarətdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan qədim mədəni tarixi abidələrlə zəngin ölkədir. Əgər tarix yazılı yaddaşdırsa, abidələr daş yaddaşıdır. XX əsrdə belə bir tendensiya başlanmışdır ki, abidələr tək ölkənin daxili məsələsi deyil, dünya irsidir. Ötən əsrin 60-cı illərində abidələrin qorunmasına hədəflənmiş beynəlxalq konvensiyalar qəbul edilib. Konvensiyaya qoşulmuş hər bir dövlət onun şərtlərinə əməl etməlidir. Ermənilər buna nəinki əməl etməyib, eyni zamanda, qarşısına çıxan bütün abidələri məhv etmişdir. Postmünaqişə dövründə sülhdən danışarkən əvvəlki münasibətlərə və ermənilərin bizə qarşı atdıqları addımlara cavab verməliyik. Hazırda gündəmdə dağıdılmış mədəni abidələrin bərpası məsələsi durur. Mədəniyyət paytaxtımız Şuşada artıq bir neçə abidənin açılışı olub. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh çağırışlarını dünyaya çatdırmaq əsas hədəflərdən biridir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Azərbaycan memarlıq məktəbi sənət məktəbləri arasında ən mühümüdür. Azərbaycanda müxtəlif mədəniyyətləri əks etdirən abidələr mövcuddur. Burada atəşpərəstlik, xristianlıq və İslam dininə məxsus abidələr vardır: “Hesab edirəm o abidələrin tədqiqatı aparılmalıdır. Onların tarixi bizə məlum olsa da, dünya onların əsl tarixindən xəbərsizdir. Çünki ermənilər Qarabağda tikilən abidələri dünyaya özlərininki kimi təqdim ediblər. Biz abidələrimiz haqqında yazılar yazmalı, böyük platformalarda çıxışlar etməliyik”.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib: “ABŞ öz ərazisində olan abidələri hər zaman təbliğ edib, bunun sayəsində ölkəyə sürətli turist axını başlayıb. ABŞ dünyada bir çox ölkələrdə tarixi abidələrin qorunmasında nəinki maraqlıdır, eyni zamanda, onların bərpası istiqamətində addımlar da atıb. ABŞ-la Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Quba şəhərində Künbəzli hamamının bərpası işləri aparılıb”.

Diplomat ölkəsinin bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.

Qarabağda artıq mədəni tədbirlərin keçirildiyini diqqətə çatdıran Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib ki, bu tarixin yeni səhifəsidir: “İndi Azərbaycanın mədəni irsi dünyada təbliğ olunur. Uzun illər Azərbaycan multikultural ənənələrinə sadiq olaraq öz torpağında müxtəlif xalqlara məxsus abidələri qoruyub saxlayıb. Abidələrin kimə məxsus olub-olmamağından danışırıqsa, o zaman deyə bilərik ki, Qarabağda ermənilərin dağıtdığı abidələr onlar üçün maraqlı deyil. Bu vandal hərəkətlər bir daha həmin abidələrin onlara məxsus olmadığını sübuta yetirir”.

BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, təmsil etdiyi şirkət apardığı qazıntılar zamanı tez-tez artefaktlarla qarşılaşır. Bu zaman bütün işlər dayandırılır və Mədəniyyət Nazirliyinə xəbər verilir. Müvafiq göstəriş alındıqdan sonra işlər ya davam etdirilir, yaxud da dayandırılır və ya qazıntıların yeri dəyişdirilir.

Bildirib ki, təkcə “Şahdəniz” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 10 minə yaxın tarixi artefakt tapılıb.

Sessiyalarla davam edən tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.