İDMAN


Bakıda “Böyük imkanlara kiçik addım” adlı ikinci karyera yarmarkasının açılış mərasimi olub

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da “Bakı Şəhər Halqası” (BŞH) Akademiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) birlikdə təşkil etdiyi “Böyük imkanlara kiçik addım” adlı ikinci karyera yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin və Akademiyanın rəhbəri İranə Əhmədova təmsil etdiyi qurumun gənclər üçün yaratdığı imkanlardan danışıb. BŞH rəsmisi gənclərin arzuladıqları işi tapmalarına dəstək olmaq üçün tədbirdə təmsil olunan şirkət və qurumların nümayəndələrinə Akademiyanın adından təşəkkürünü bildirib.

İ.Əhmədova qeyd edib ki, gənclərin inkişafı qarşımızda duran mühüm vəzifələrdəndir. BŞH Akademiyası olaraq bu istiqamətdə mühüm işlər görürük və bunu davam etdirəcəyik. Yarmarka BŞH-nin korporativ sosial məsuliyyət tədbirlərindəndir. Əsas məqsəd işaxtaran gənclərə nüfuzlu şirkətləri tanıtmaq və onlara karyera quruculuğunda dəstək olmaqdır. Ötən il keçirilmiş ilk yarmarkaya gənclərimizin marağı böyük idi. Bu səbəbdən belə bir yarmarkanı ikinci dəfə keçirməyi qərar aldıq.

Birinci yarmarkada 150-yə yaxın gəncin işlə təmin olunduğunu diqqətə çatdıran İ.Əhmədova tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

“AMCHAM Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova rəhbərlik etdiyi qurumun ölkəmizdə insan resursları sahəsinə böyük töhfələr verdiyini vurğulayaraq deyib: “Əlamətdar haldır ki, ölkəmizdə iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiqinə çalışırlar. Palatamızın tərkibində ən fəal strukturlardan biri də insan resursları komitəsidir. Təsadüfi deyil ki, bu komitə öz sahəsində ən çox tələb olunan platformalar sırasındadır. Bugünkü tədbir işəgötürənlərlə işaxtaranlar arasında səmərəli əlaqə yaradacaq. Eyni zamanda, bu yarmarka ölkəmizin əmək bazarına töhfə vermək, məzunların şirkətlərin nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratmaq baxımından xüsusi əhəmiyyətə malikdir”.

Açılış mərasiminin sonunda tədbirə işəgötürən qismində qatılan 30-a yaxın şirkət və qurumun yarmarkaya çıxarılan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib. İki gün davam edəcək yarmarkaya ümumilikdə 1500-ə yaxın gəncin qatılması gözlənilir.

Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərimizin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına fəal dəstək göstərməkdir. Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər sahələrdə fəaliyyət göstərən şirkətlər keyfiyyətli kadr axtarışındadırlar. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif edilir. Gənclər yarmarkaya gələrkən şəxsiyyət vəsiqələrini və CV-lərinin bir neçə nüsxəsini gətirməlidirlər.

Qeyd edək ki, BŞH Akademiyasının ev sahibliyi ilə ötən il ilk dəfə baş tutmuş karyera yarmarkasında xeyli sayda Formula 1 könüllüsü qabaqcıl şirkətlərdə işlə təmin olunmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.