İDMAN


Bakıda Braziliya ciu-citsusu üzrə beynəlxalq  seminar təşkil olunub

Bakı, 8 aprel, AZƏRTAC

Bakıda “Zabit Samedov Fight Club”da Braziliya ciu-citsusu üzrə beynəlxalq seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və “Zabit Samedov Fight Club”un dəstəyi ilə keçirilən seminarın aparıcısı Braziliya ciu-citsusu üzrə tanınmış “Ludus” məktəbinin təsisçisi və rəhbəri, idmanın bu növü üzrə 3-cü Dan qara kəmər sahibi Aleksander Deda Faria olub.

Seminardan əvvəl Aleksander Deda Faria, İctimai Birliyin və Federasiyanın nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi anılıb.

Seminarda gənc atletlərlə yanaşı, Zabit Səmədov, Eduard Məmmədov, Fariz Abdullayev kimi tanınmış idmançılar, dünya çempionları və ictimai xadimlər də iştirak ediblər.

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov Bakıya gəldiyi üçün “Ludus” məktəbinin rəhbəri Aleksander Deda Fariaya təşəkkürünü bildirib. O, seminarın məqsədinin yerli və xarici idman mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu vurğulayıb. Qeyd edib ki, belə tədbirlər Azərbaycanda idmanın bu növünün inkişafına təkan verəcək.

“Ludus” məktəbinin rəhbəri Aleksander Deda Faria Bakıya səfərindən və ölkəmizdə yüksək qonaqpərvərlikdən məmnunluğunu bildirib.

İctimai Birliyin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov “Ludus” məktəbi ilə əməkdaşlığın önəmini qeyd edərək, belə seminarların davamı olacağını diqqətə çatdırıb.

Zabit Səmədov Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışaraq, seminarın təşkilinə görə minnətdarlığını bildirib.

Sonra Aleksander Deda Faria uzun illər ərzində qazandığı təcrübəni azərbaycanlı idmançılarla bölüşüb.

Seminardan sonra iki tərəf arasında aparılan danışıqlar zamanı “Ludus” məktəbi ilə daha geniş əməkdaşlığın qurulmasına dair razılıq əldə olunub. Müzakirələrin yekununda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin “Ludus” məktəbinin üzvü olması barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.