İQTİSADİYYAT


Bakıda “Caspian Energy Transport Forum”u keçirilib VİDEO

Bakı, 20 sentyabr, Elvira Məmmədova, AZƏRTAC

Sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Caspian European Club” və “Caspian American Club” tərəfindən təşkil olunmuş “Caspian Energy Transport Forum” xüsusi sessiyasında nəqliyyat sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, nəqliyyat forumunda çıxış edən Ramin Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib.

Dövlət və sahibkarlar arasında effektiv dialoq üçün yaradılan imkana görə klub rəhbərliyinə minnətdarlığını bildirən Ramin Quluzadə qeyd edib ki, nazirlik həmişə sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələr üçün açıqdır. Nazirin sözlərinə görə, belə müzakirələr sahibkarlığın inkişafı və onların qarşısında duran problemlərin həlli, eləcə də nəqliyyat orqanları və biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından çox faydalıdır.

Ramin Quluzadənin fikrincə, hazırda Azərbaycanın nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək regionda əsas nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı imkanlar mövcuddur.

“Bildiyiniz kimi, Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir çox layihələrin təşəbbüskarı və iştirakçısıdır. Nümunə olaraq, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) əhəmiyyətini artıran bağlantı kimi Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Logistik Mərkəzin inşasını qeyd etmək olar. Bundan başqa yeni hava limanlarının istismara verilməsi, avtomobil və dəmir yolları infrastrukturunun yenilənməsini, müasir tipli bərə və tankerlərin alınmasını və digərlərini sadalamaq olar. Bu layihələr “İpək yolu”nun canlanmasını, regionda daha effektiv nəqliyyat bağlantılarının yaradılmasını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların asanlaşmasına və əlavə yük axınlarının cəlb olunmasına şərait yaradacaq”, - deyə nazir bildirib.

Ramin Quluzadə onu da qeyd edib ki, hazırda nəqliyyatda sahibkarlıq fəaliyyətinin və özəl sektorun inkişaf etdirilməsi, müasir dövrün tələbinə uyğun kadr hazırlığı kimi məsələlər də xüsusi önəm kəsb edir. Nəqliyyat sektorunda layihələrin hazırlanması və icrası zamanı ekoloji tələblərin qorunması, bütövlükdə nəqliyyat fəaliyyətinin ətraf mühitə təsiri məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

“Hesab edirəm ki, nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi və bütün müasir tələblərə cavab verən yeni nəqliyyat sisteminin yaradılması prioritet fəaliyyət istiqamətləri olmalıdır”, - deyə Ramin Quluzadə vurğulayıb.

Görüşdə, həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi qeyd olunub, o cümlədən “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin biznesmenlərin və “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərinin problemlərinin həllindəki fəal iştiraka və operativ reaksiyaya görə başda nazir Ramin Quluzadə olmaqla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.

Telman Əliyev xatırladıb ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Telman Əliyev qeyd edib ki, “Caspian American Club” yaratmaq təşəbbüsü də Azərbaycanın dövlət başçısına məxsusdur.

““Caspian European Club” Azərbaycanda keçirilən iqtisadi islahatlarda, xarici investisiyaların cəlb edilməsində və kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev bildirib.

“Əlamətdar haldır ki, biz nəqliyyat forumunu “Əsrin müqaviləsi”nin imzalanmasının növbəti ildönümünün təsadüf etdiyi tarixdə - sentyabrın 20-də keçiririk. Forum neft sektorundan qeyri-neft, ələlxüsus da nəqliyyat və İKT sektoruna keçidlə assosiasiya olunur”, - deyə o, əlavə edib.

Telman Əliyev həmçinin bildirib ki, ilin sonunadək “Caspian European Club” iqtisadiyyatın digər sahələrində də bir sıra analoji tədbirlər təşkil edəcək.

“2017-ci il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dənizi, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq iştirakçının qatılacağı “Caspian American Forum Baku – 2017” keçiriləcək”, - deyə Telman Əliyev söyləyib. O, həmçinin diqqətə çatdırıb ki, sentyabr ayından etibarən “Caspian Energy Georgia” Gürcüstanda “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy İnternational Media Group”un maraqlarını təmsil edir.

“Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsi çərçivəsində 2018-ci ilin martında Gürcüstan və Azərbaycan Respublikası hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyi ilə V Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır”, - deyə Telman Əliyev vurğulayıb.

“Caspian Energy Transport Forum”un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqının 200-ə yaxın biznesmeni, həmçinin beynəlxalq şirkət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilat rəhbərləri iştirak ediblər.

Günün ikinci yarısında altıncı “CEO Lunch Baku” keçirilib. Telman Əliyev qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club” CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə Bakıda hər ayın üçüncü çərşənbə günü “CEO Lunch” təşkil edir. Telman Əliyev növbəti “CEO Lunch”ın “Caspian Energy Tourism Forum” çərçivəsində 2017-ci il oktyabrın 18-də Bakıda keçiriləcəyini bəyan edib. O, həmçinin xatırladıb ki, Tbilisidə cari il sentyabrın 29-da baş tutacaq ilk “CEO Lunch” mütəmadi qaydada hər ayın sonuncu cümə günü keçiriləcək.

Forum çərçivəsində qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılmasına dair onları maraqlandıran suallara, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub.

“Caspian European Club” və “Caspian American Club”a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, “CEO”, “CEO Lunch”, “Brand Award” və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və “Caspian Energy International Media Group”a məxsusdurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.