İDMAN
Bakıda “Caspian Power” İdman Festivalının təntənəli açılış mərasimi olub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Heydər Əliyev adına İdman Sarayında “Caspian Power” İdman Festivalının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş festivalda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada yüksək nailiyyətlər qazandıqlarını bildirib. Ç.Hüseynzadə vurğulayıb ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişafına geniş imkanlar yaradılır. Bu gün təşkil olunan yarış bunun bariz nümunəsidir. Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Festivalla eyni vaxtda paytaxtımızda aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir. Bundan əlavə, iyulda Bakı Avropa Gənclər XV Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin göstəricisidir.
Festivalın əhəmiyyətini yüksək qiymətləndirən Ç.Hüseynzadə iştirakçılara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib. Bildirib ki, ölkəmiz yüksək təşkilatçılıq bacarığı ilə seçilir. Bakıda ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları yüksək səviyyədə təşkil olunub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Açılış mərasimində Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışların keçirildiyi festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.
“Caspian Power” İdman Festivalının keçirilməsində məqsəd bütün idman növləri üzrə yarışları bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Festivala idman ləvazimatlarının və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirirlər.