ELM VƏ TƏHSİL
Bakıda “Chevening” Məzunlar Assosiasiyasının yaradılması ilə bağlı tədbir keçirilib VİDEO
Bakı, 25 avqust AZƏRTAC
Avqustun 25-də Bakıda “Chevening” Məzunlar Assosiasiyasının yaradılması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Karol Krofts bildirib ki, Britaniya xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əsas ölkə olaraq qalır. Tələbə birliyinin yaradılmasının əhəmiyyətindən danışan səfir bu günədək 170 gəncin proqramdan yararlanaraq Britaniyada təhsillərini davam etdirdiklərini qeyd edib. Bildirib ki, “Chevening” proqramı hər bir şəxsin qlobal miqyasda bacarıqlarının artırılmasına xidmət edir. Bu, tələbələrin Britaniyada professional, akademik təcrübə qazanması, eləcə də bu ölkə ilə müsbət əlaqələr qurması üçün unikal imkandır.
Ölkələrimiz arasında əlaqələrə toxunan xanım Krofts səfirliyin Azərbaycan ilə 1994-cü ildən bu proqram çərçivəsində sıx işlədiklərini qeyd edib. Bu cür tədbirlərin qeyd edilməsinin ölkələrimiz arasında əlaqələrimizin səviyyəsini göstərmək üçün böyük imkan olduğunu deyən səfir ikitərəfli münasibətlərin daha geniş məcrada inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, səfirliyin Assosiasiyanın yaradılması ilə ölkəmizdəki tələbələrlə daha sıx işləyəcəklərini diqqətə çatdırıb.
Daha sonra “Chevening” Məzunlar Assosiasiyasının rəhbəri Nərmin Rəhbərli qurum çərçivəsində görüləcək işlərdən danışıb, tələbələri daha fəal olmağa səsləyib.