MƏDƏNİYYƏT


Bakıda “Dekorativ sənət və interyer” adlı konfrans öz işinə başlayıb VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Xalça Muzeyi, ICOM, ICDAD və DEMHIST-in təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva konfransın işinə və Milli Komitənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq bildirib ki, son illər ərzində Prezident İlham Əliyev muzey işinin inkişafı ilə bağlı 15-dən çox sərəncam imzalayıb. “Ölkəmizdə 250-dən çox muzey fəaliyyət göstərir, yeni muzeylər açılır, mövcud muzeylərdə təmir, bədii tərtibat işləri aparılır, ekspozisiyalar yenilənir. Bu konfrans ev muzeylərimizin iş metodları, yeni yanaşmalarla tanış olmasına və xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacaq. Əminəm ki, konfransda geniş müzakirələr, dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığımızın bundan sonrakı illərdə də təmin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürüləcək”, - deyə S.Məmmədəliyeva qeyd edib.

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək komitənin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir.

Muzeyin direktoru Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırıb. Şirin Məlikova müasir dövrümüzdə muzeylərin cəmiyyətdə oynadığı roldan danışıb. Xalça Muzeyinin fəaliyyətinə diqqət çəkən muzeyin direktoru bu mədəniyyət ocağının tarixindən, fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb.

Diqqətə çatdırılıb ki, oktyabrın 12-dək davam edəcək konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edir.

ICOM-un prezidenti Suay Aksoy bildirib ki, Qafqaz regionu həm coğrafiyası, həm də mədəniyyəti və incəsənəti ilə çox zəngindir: “ICOM-un işi güclü bir mənəvi məqsədə xidmət edir. Müxtəlif insanlar və millətlər arasında bu əlaqələri yaratmaq və saxlamaqdan ibarətdir. Muzeylər qlobal dünya irsinin qorunmasında əvəzsiz yerdir. Dünyada ətraf mühit, mədəni, iqtisadi və sosial dayanıqlıq baxımdan muzeylər mühüm rol oynayır. Muzeylər həm də keçmişi başa düşməkdə bizə yardımçı olur”.

Tədbirdə ICDAD-ın prezidenti Helena Koenigsmarkova, DEMHIST-in prezidenti Elsa Rodrigues və digər çıxış edənlər konfransın əhəmiyyətini, muzey işinin təşkilində, qarşılıqlı fikir mübadiləsi aparılması baxımından mühüm rol oynayacağını qeyd ediblər.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Tədbirdə, həmçinin UNESCO-nun dəstəyi ilə üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə iştirak proqramı çərçivəsində nəşr edilən, Şirin Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabın təqdimatı da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.