CƏMİYYƏT
Bakıda “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyunun 31-də Bakıda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Mehman İsmayılov əvvəlcə qurumun fəaliyyətindən söz açıb. Bildirib ki, qurumun əsas fəaliyyət istiqaməti mənəvi və dini dəyərlərin qorunması, inkişafı, bu sahədə sosial layihələrin həyata keçirilməsidir.
Mövzunun əhəmiyyətindən danışan Mehman İsmayılov bildirilib ki, tədbirdə milli mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsi aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək.
Mehman İsmayılov qeyd edib ki, dil xalqın əsas mənəvi dayaqlarından biri, cəmiyyətin aynası, əsas kimliyidir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Bütün maneələrə və çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Bəhruz Quliyev qeyd edib ki, dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Qloballaşma dövründə Dilimizin saflığının qorunması məsələsi”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmovanın “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədovun “Din ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzularında məruzələri dinlənilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.