İQTİSADİYYAT


Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və “Ekvita” şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və özəl sektor nümayəndələri ilə interaktiv formatda keçirilən tədbirdə vergi, gömrük, əmək münasibətləri, tikinti, maliyyəyə çıxışın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, investisiya təşviqi və sair kimi mövzular müzakirə olunub.

“Ekvita” şirkətinin direktoru İlqar Mehdi təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, “Ekvita” konsaltinq xidməti ilə məşğuldur və biznesin hər bir sahəsi ilə çalışır. Tədbirdə yaradılan platformanın biznes nümayəndələrinin təkliflərini, qarşılaşdıqları hər hansı problemləri, çətinlikləri bölüşməsi üçün imkan yaratdığı qeyd edilib.

İ.Mehdi deyib ki, səsləndirilən təkliflər biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın müvafiq işçi qrupları tərəfindən qeydə alınaraq ətraflı araşdırılacaq və məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, iqtisadi siyasət kursu öz inklüzivliyi, açıqlığı və səmərəliliyi ilə həmişə seçilib və bu nöqteyi-nəzərdən özəl sektorun Azərbaycanda aparılan iqtisadi islahatlarda yaxından iştirak etməsi və öz töhfələrini verməsi çox vacib bir məsələdir.

V.Qasımlının söyləyib ki, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya”nın fəaliyyəti məhz bu istiqamətə yönəlib. Komissiyada 19 işçi qrupu fəaliyyət göstərir ki, bu işçi qruplar da təkcə dövlət qurumları nümayəndələri deyil, həm də özəl sektorun, beynəlxalq təşkilatların və akademik dairələrin nümayəndələrindən təşkil olunub. Azərbaycanda iqtisadi siyasətin inklüzivliyi, açıqlığı və səmərəliliyi təmin edilir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya çərçivəsində dövlət-özəl dialoqunun forması, çərçivəsi, əhatə dairəsi müəyyənləşir. Bu yaxınlarda “Azranking.az” portalını da istifadəyə verilib ki, bu portal bilavasitə Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqeyini müqayisəli şəkildə təqdim edir. Eyni zamanda, portalda biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya haqqında, işçi qrupları, onların fəaliyyətləri haqqında məlumat öz əksini tapıb. İstənilən özəl sektor nümayəndəsi, komissiyanın işçi qrupları bu portal vasitəsilə Azərbaycan dövlətinə öz təkliflərini, fikirlərini, rəylərini çatdıra bilər. Dövlətin mesajları da məhz bu platforma üzərindən özəl sektora çatdırılır və beləliklə dialoq baş verir: “Bu dialoqun Azərbaycanda qurulmasının mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, dialoq institutlaşıb, yəni biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya var, “Azranking.az” portalı var. Azərbaycanda dövlət biznes dialoqu həm də rəqəmsallaşıb və bütün dövlət və özəl dialoqunu aparan tərəflər məhz rəqəmsal platformanın üzərindən dialoq aparmaq imkanlarına malikdir ki, bu da prosesi daha səmərəli, şəffaf edir”, - deyə V.Qasımlı vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev diqqətə çatdırıb ki, özəl sektorun təmsilçisi kimi “Ekvita” şirkəti bugünkü mühüm tədbirin təşkilini təşəbbüs olaraq irəli sürməsi artıq özəl sektorun təşəbbüsü ələ aldığını və bu prosesdə daha aktiv olmağa, yəni dövlət qurumları ilə yanaşı, biznes islahatlarının həyata keçirilməsinə öz dəstəklərini verməyə çalışdığını göstərir. Bugünkü tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərləri də iştirak edir. Məqsəd aparılacaq səmərəli dialoqun qeydə alınması, gələcəkdə bu təkliflərdən əsaslanaraq müvafiq islahatların həyata keçirilməsinə nail olmaqdır. “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərlərindən xahiş olunub ki, bu ilin ikinci yarımilliyi üçün icra və kommunikasiya planları hazırlansın. Burada səsləndirilən bütün təklifləri ciddi şəkildə təhlil edərək icra və kommunikasiya planlarında əks olunmasına çalışacağıq ki, artıq növbəti yarımillikdə onların həllinə nail olaq. Bütövlükdə, görülən işlər Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edir”, - deyə V.Şıxəliyev qeyd edib.

Tədbir panel çıxışlar və müzakirələrlə davam edib.

Dəyirmi masada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankı kimi beynəlxalq qurumların, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.