MƏDƏNİYYƏT
Bakıda “Döyüşən karandaş” adlı hərbi-tarix sərgisi açılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) 1944-cü il yanvarın 27-də Leninqradın faşist mühasirəsindən tam azad edilməsinin növbəti ildönümünə həsr edilmiş “Döyüşən karandaş” adlı hərbi-tarix sərgisi açılıb.
AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, fotosərginin eksponatları Leninqradın müdafiəsi və mühasirəsinin dövlət memorial muzeyi (Sankt-Peterburq) tərəfindən təqdim edilib. Sərginin açılışında iştirak edənlər yekdilliklə bildiriblər ki, keçmiş SSRİ xalqlarını “Qələbə hamı üçündür!” şüarı birləşdirirdi.
Çoxdan gözlənilən Qələbəyə nail olmaq üçün isə ön cəbhə ilə arxa cəbhənin vəhdəti zəruri idi.
Leninqrad rəssamlarını birləşdirən “Döyüşən karandaş” təşkilatı Sovet-Fin müharibəsi dövründə yaranmışdı. Birliyin iştirakçısı olan rəssamlar öz əsərlərini “Döyüşən karandaş” imzası ilə təqdim edirdilər. Onların emblemi palitra və süngü əvəzinə karandaş təsvir edilən tüfəng idi.
1941-ci il iyunun 23-dən 1945-ci ilin birinci yarısına qədər “Döyüşən karandaş”ın 103 buraxılışı (nömrələnmiş plakat) və ümumi tirajı 2 milyon nüsxəyə yaxın olan onlarca poçt açıqcası nəşr edilib.
Sərgi 2020-ci il yanvarın 30-dək davam edəcək.