CƏMİYYƏT
Bakıda “Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində bir sıra tədbirlər keçiriləcək
Bakı, 31 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 2007-ci ildən başlayaraq hər il aprel ayı “Dünya Autizm Maarifləndirmə” ayı kimi qeyd edilir. Bu münasibətlə bütün dünyada olduğu kimi Azərbaycanda da ictimaiyyətin diqqətini autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək və ümumiyyətlə əhalini autizm barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər keçiriləcək.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) AZƏRTAC-a bildiriblər ki, bu gün münasibətilə Dənizkənarı Milli Parkda flaşmob keçiriləcək, Qız Qalası, “Alov qüllələri” kompleksi, “Baku Crystal Hall” və paytaxtın bir sıra digər görkəmli binaları mavi rənglə işıqlandırılacaq. Bundan əlavə “Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində “Autizm üçün yürüş”, “Autizm üçün velotur” və bir sıra digər kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.