CƏMİYYƏT
Bakıda Dünya Türklərinin Həmrəylik Günü qeyd olunub
Bakı, 3 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC
Oktyabrın 3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Müasir İnkişaf” və “Gənclərin Töhfəsi” İctimai birlikləri tərəfindən Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə əvvəlcə Xalq artisti Azərinin ifasında “Ey Turanım!” mahnısı səsləndirilib. Sonra səhnəyə türkdilli ölkələrin dövlət bayraqları gətirilib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək türkdilli dövlətlərin tarixindən danışıb. O, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini vurğulayaraq deyib: “Türkdilli xalqlar dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türkdilli dövlətlər qarşısında yeni missiyalar ortaya çıxarıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətirirlər. 1990-cı illərin əvvəllərində türkdilli xalqların birliyinin təbliği üçün mühüm addımlar atılıb. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Prezidenti İlham Əliyev türkdilli xalqların həmrəyliyinə, birliyinə böyük töhfələr verib. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin təklifi ilə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu baxımdan çox böyük addımdır”.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov türkdilli dövlətlərin birliyinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında mahnılar səsləndirilib. Bakı Dövlət Universitetinin tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şeirləri, Fəda Nəsirlinin və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Azərbaycan Alpaqut Federasiyasının idmançılarının nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Sonra tədbirin fəal iştirakçıları mükafatlandırılıblar.
Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının
Türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türk Dövlətlərinin Birliyi Günü - Dünya Türklərinin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.