SİYASƏT
Bakıda Dünya azərbaycanlılarının III qurultayı öz işinə başlamışdır
Bakı, 5 iyul (AZƏRTAC). İyulun 5-də Bakıda, Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, qurultay açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Azərbaycanın dirçəlişi və inkişafı, dünya azərbaycanlılarının təşkilatlanmasında, ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bildirilmişdir ki, Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi bu möhtəşəm tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirir. Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı ilə milli diasporumuz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Qurultaydan keçən 5 il ərzində 100-dən çox yeni diaspor təşkilatı yaradılmış, bir sıra regionlarda azərbaycanlı icmaların fəaliyyətini əlaqələndirən yeni qurumlar təsis edilmişdir.
III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar. Ümumilikdə qurultayda 1872 nəfər iştirak edir.
Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak edir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak edir.
Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır.
Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırır. Bu gün bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak edir.
Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də vardır.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləmiş, nümayəndələrin çıxışları dinlənilmişdir.
Qurultay öz işini davam etdirir.