Bakıda “EducationUSA” adlı təhsil sərgisi açılıb
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də ABŞ-ın Azərbaycandakı səfirliyi, Bakı Amerika Mərkəzi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə “EducationUSA” adlı təhsil sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elmi işlər üzrə prorektor Novruz Məmmədov Azərbaycan Dillər Universitetində Bakı Amerikan Mərkəzinin 15 ildən çox müddətdir fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu illər ərzində Bakı Amerika Mərkəzi ABŞ-ın ölkəmizdəki səfirliyi ilə çox möhkəm əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas məqsədi azərbaycanlı gənclərinin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması və müxtəlif proqramlar keçməsidir. Azərbaycanda 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara çıxış edərək bildirib ki, ABŞ təhsildə aparıcı ölkələrdən biridir. Vurğulayıb ki, dünyada ən yaxşı universitetlər, kolleclər və icma kollecləri Amerikada mövcuddur.
Hüqo Qevara, eyni zamanda, Azərbaycanda “EducationUSA” proqramının təqdim edilməsindən məmnun olduğunu diqqətə çatdırıb.
Sərgi çərçivəsində tələbələr, şagirdlər və valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüblər, onları maraqlandıran suallarla məzunlara müraciət ediblər.
Sərgidə azərbaycanlı tələbələrin ABŞ-da təhsil arzularına çatmasına kömək etmək məqsədilə 30-dan çox universitet və müxtəlif təqaüd proqramları nümayiş olunub.









Xəbərin mətnində orfoqrafik səhv var