MƏDƏNİYYƏT
Bakıda “Ferens List ili” başa çatmışdır
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli macar bəstəkarı və pianoçu Ferens Listin anadan olmasının 200 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət Xadimi Alla Bayramova qeyd etmişdir ki, bu tədbirlə ölkəmizdə “Ferens List ili” başa çatır.
2011-ci il bütün dünyada “Ferens List ili” elan edilmişdir. İl ərzində ölkəmiz də daxil olmaqla bütün dünyada bu böyük sənətkarın zəngin yaradıcılığına və qeyri-adi şəxsiyyətinə həsr edilmiş konsertlər, elmi-musiqili, kulturoloji və nəzəri simpozium və konfranslar keçirilmişdir.
Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Jolt Çutora demişdir: “Mən Listi öz vətənimdən daha çox burada tanıdım. Azərbaycan heyrətamiz musiqi və mədəniyyət ölkəsidir. Mən mədəniyyət üçün bu qədər vəsait xərclənən başqa bir ölkə tanımıram. Burada bütün xalqların mədəniyyətini sevir və qiymətləndirirlər. Musiqini sevdiyinizə görə çox sağ olun”.
Macarıstan səfirinə Listin yaradıcılığının Azərbaycan dilində necə təbliğ edilməsi barədə məlumat verilmişdir. Əlamətdar haldır ki, F.Listə həsr edilmiş yubiley şənlikləri yalnız paytaxtda deyil, regionlarda da keçirilmiş, bu isə təkcə F.List yaradıcılığının deyil, bütövlükdə macar mədəniyyətinin daha geniş təbliğinə şərait yaratmışdır. Qeyd edilmişdir ki, yubiley tədbirləri Azərbaycan və macar xalqları, bu iki ölkənin mədəniyyətləri arasında bir növ körpü yaratmışdır.
Yubiley tədbirinin iştirakçıları Listin həyat və yaradıcılığı haqqında məruzəni dinləmişlər.
Sonra Bakının musiqi məktəblərinin şagirdlərinin ifasında F.Listin əsərlərindən ibarət konsert olmuşdur.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyev demişdir ki, böyük macar bəstəkarı Ferens Listin yubileyi Azərbaycanda yüksək səviyyədə qeyd edilmişdir. Yubileyə hazırlıq üçün başda Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olmaqla təşkilat komitəsi yaradılmışdır.
O.Abbasquliyev yubiley təntənələri çərçivəsində keçirilmiş fortepiano ifaçıları müsabiqəsinin dəstəklənməsinə görə Macarıstanın ölkəmizdəki səfiri, həmin müsabiqənin fəxri sədri qismində çıxış etmiş Jolt Çutoraya təşəkkürünü bildirmişdir.