MƏDƏNİYYƏT
Bakıda Fransanın yeni qatarlarına bilet satışı başlanıb
Bakı, 25 iyul, AZƏRTAC
“RailEurope” şirkətinin Azərbaycanda satış üzrə baş agenti olan “SI LuxuryTravel” şirkətinin ofislərində Fransanın yeni dəmir yolu xətlərinə bilet satışı başlanıb.
İyulun 2-dən işə salınan sürət xətləri Fransa paytaxtını ölkənin regionlarında ən məşhur şəhərlərlə əlaqələndirir və kombinasiya olunmuş tur həvəskarlarına xeyli vaxta qənaət etməkdə kömək edir. Beləliklə, indi Parisdən Fransanın cənub-qərbində yerləşən Bordoya cəmi 2 saata çatmaq olar. Bu, köhnə xətlərdəki reyslərlə müqayisədə 1 saat 10 dəqiqə azdır. Sutka ərzində müvafiq istiqamətdə 27 reys həyata keçirilir.
Parisdən Tuluza şəhərinə yeni xətlər sayəsində (gündə 6 reys) 4 saat 8 dəqiqəyə çatmaq olar, halbuki əvvəllər bu yola təxminən beş saat yarım vaxt sərf olunub. Nəhayət, Parisdən Puatyeyə 1 saat 18 dəqiqəyə çatmaq olar. Bu şəhərə gündə 16 reys işləyir.
Qeyd edək ki, yeni qatarlar sürəti 300 km/saatadək artırmaq qabiliyyətinə malikdir. Vaqonlarda pulsuz “Wi-Fi”, rahat kreslolar, kupe-restoran və digər şərait yaradılıb. Avropada dəmir yolu nəqliyyatının başlıca üstünlüyü ondan ibarətdir ki, vağzallar aeroportlardan fərqli olaraq şəhərlərin mərkəzində yerləşir.