ELM VƏ TƏHSİL
Bakıda “Fujifilm” şirkətinin birinci seminarı keçirilib VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Bakıda “Fujifilm”in Azərbaycandakı distribüteri “MS 2006”nın təşkilatçılığı ilə şirkətin birinci seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda “Fujifilm Türkiyə”nin rəhbəri Jun Hiquçi, şirkətin şəkil çap məhsulları üzrə müdiri Ünsal Akgün, Azərbaycandan müvafiq qurumların nümayəndələri iştirak ediblər.
“Fujifilm” şirkətinin Azərbaycandakı rəsmi distribüteri “MS 2006”nın rəhbəri Adil Sadıqov seminarın Türkiyə və bu ölkəyə yaxın coğrafiyadan olan fotoqrafların fikir mübadiləsi aparmaları baxımından önəmini qeyd edib. Seminarda fotoqrafların bir çox yeniliklərlə tanış olacaqlarını bildirən A.Sadıqov iştirakçılara “MS 2006”nın fəaliyyət istiqamətləri haqqında da məlumat verib.
“Fujifilm Türkiyə”nin rəhbəri Jun Hiquçi şirkətin yeni texnologiyalar təklif etdiyini, Azərbaycanda fəaliyyətinin uğurlu olduğunu söyləyib. J.Hiquçi şirkətin Azərbaycanda etibarlı tərəfdaşlarının olduğunu, əməkdaşlığın səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. O, həmçinin fotoqraflıqla məşğul olan insanlarda bu sahə ilə bağlı məlumatlılığın artırılması baxımından belə seminarların təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, “Fujifilm” şirkəti Türkiyə nümayəndəliyi ilə birgə Azərbaycanda həyata keçirilən layihələri bundan sonra da davam etdirəcək.
“Fujifilm Türkiyə”nin şəkil çap məhsulları bölməsinin müdiri Ünsal Akgün rəqəmsal fotoqrafiyanın ən son yenilikləri ilə bağlı videoçarx təqdim edib. “Fujifilm”in çap məhsullarının keyfiyyətini sürətli şəkildə artırdığını bildirən Ü.Akgün şirkətin artıq dünyada foto bazarının 70 faizini əlində cəmləşdirdiyini söyləyib.