ELM VƏ TƏHSİL


Bakıda GMO üzrə biotəhlükəsizlik sisteminin yaradılması ilə bağlı müzakirələr aparılıb

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “Genetik Modifikasiya olunmuş Orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə keçirilən regional kurs oktyabrın 20-də başa çatıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kursda Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, akademiyaları və universitetlərinin alim və mütəxəssisləri iştirak ediblər.

Beş gün davam edən kursda Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) üzrə Avropa ölkələrində yaradılmış biotəhlükəsizlik sistemləri, qanunvericilik və GMO-ların molekulyar səviyyədə dəqiq və sürətli təyini üzrə məruzələr dinlənilib, o cümlədən GMO-nun adi və “RealTime PCR” vasitəsilə təyini üzrə təcrübələr aparılıb. Dərsləri GEİ-nin biotexnologiya şöbəsinin müvafiq laboratoriyalarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Tzveta Georgieva, institutun molekulyar genetika sahəsi üzrə ixtisaslaşmış mütəxəssisləri, biotexnologiya və bitki fiziologiyası şöbələrinin gənc tədqiqatçıları keçiblər.

Təlimin son günündə iştirakçılar əvvəlcə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin laboratoriyaları ilə tanış olublar, sonra Genetik Ehtiyatlar İnstitutunda təşkil edilmiş bağlanış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov təlimin təşkil edilməsinə görə FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinə təşəkkürünü bildirərək qurumlar arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

FAO-nun Orta Asiya regional ofisinin bitki mühafizəsi və istehsalı üzrə rəsmisi Hafiz Muminjanov da çıxışında bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.