CƏMİYYƏT
Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” devizi altında qanvermə aksiyası keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi (GTM), Qan Donorları Assosiasiyası və Mərkəzi Qan Bankı “Gəncliyin sevgisi sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclər arasında qanvermə aksiyası keçirib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, aksiyanın keçirilməsində məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Qanvermə aksiyası, həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.
GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış etməsi qan xəstəliyindən əziyyət çəkən insanlara sevginin sərhəd tanımadığını göstərir. Bu gün öz qanını həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət uğrunda fədakarlığa imza atacaq.
Qan Donorları Assosiasiyasının rəhbəri Fuad Əsgərov diqqətə çatdırıb ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır.