CƏMİYYƏT


Bakıda “Gender Azərbaycan” portalının təqdimatı olub

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda gender bərabərliyi sahəsində mühüm işlər görüldüyünü və ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə müxtəlif layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat, mədəniyyət və mətbuatla əlaqələr şöbəsinin nümayəndəsi Zübeyda Oyan gender bərabərliyinin dövlət sektorunda vacib sahələrindən biri kimi qiymətləndirib. O, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilən Azərbaycanda bu sahədə mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gender məsələlərinin həllində icra mexanizmlərinin işə salınmasının çox vacib olduğunu vurğulayıb, son illərdə ölkəmizdə bu sahədə vacib işlərin görüldüyünü və mühüm irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.

Portalın məişət zorakılığına, gender bərabərsizliyinə qarşı mübarizədə maarifləndirmə işinə töhfə verəcəyindən əminliyini ifadə edən H.Hüseynova bu məsələdə cəmiyyəti də laqeyd olmamağa çağırıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan gender bərabərliyinin dünya gündəmindəki vacib məsələlərdən biri olduğunu qeyd edib, “Gender Azərbaycan” portalına fəaliyyətində uğurlar arzulayıb.

BMT-nin CEDAW Komitəsinin sədr müavini Elgün Səfərov və “LeadLab” şirkətinin təmsilçisi, layihə rəhbəri Toğrul Vəlibəyli portalı təqdim ediblər.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.