CƏMİYYƏT


Bakıda “Gender həssas büdcə” mövzusunda üçgünlük təlim keçirilir 

Bakı, 30 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) icra etdiyi Yaxşı Yerli İdarəetmə Proqramının birgə təşəbbüsü ilə “Gender həssas büdcə” mövzusunda üçgünlük təlim kursu keçirilir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən AQUPDK sədr müavini Sədaqət Qəhrəmanova təlimin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə hüquqi və demokratik dövlət kimi təmsil olunur və bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir və müxtəlif məsələlərə dair hesabatlar verir. BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Konvensiyasına görə, Azərbaycan hökuməti dörd ildən bir müvafiq komitə qarşısında hesabat verir. Həmin hesabatlarda Azərbaycanda gender siyasətinin həyata keçirilməsi, bu istiqamətdə keçirilən tədbirlər və maliyyə dəstəyi, gender büdcələşməsinin necə həyata keçirilməsi istiqamətində də məlumat verilir.

“AQUPDK-ın yaradılması və fəaliyyətinin təşkili, həmçinin dövlət büdcəsinin bu istiqamətə maliyyə vəsaitinin ayrılması onu sübut edir ki, dövlətimiz gender məsələlərinin həyata keçirilməsinə xüsusi diqqət göstərir”, - deyə komitənin sədr müavini qeyd edib.

Bildirib ki, əvvəllər bələdiyyələrdə qadın təmsilçiliyi 4 faiz idisə, hazırda bu göstərici 35 faiz təşkil edir. Ümumilikdə isə bələdiyyədə sədr vəzifəsində çalışanların 27 faizi qadınlardır. Bələdiyyələrə seçilən qadınların sayının artırılması regionlarda ailələrin dağılması, erkən nikahlar, qızların təhsili ilə bağlı problemlərin qarşısını almaq üçün əhəmiyyətlidir.

Orta məktəblərdə kişi müəllimlərin az olduğunu söyləyən S.Qəhrəmanova deyib: “Gender deyəndə yalnız qadınlarla bağlı siyasət nəzərdə tutulmur. Bu, cəmiyyətdə kişi və qadınların bərabər hüquqlarının təmin olunması deməkdir. Azərbaycanda elə sahələr var ki, orada qadınların sayı daha çoxdur. Bu sahələrdə kişilərin say tərkibinin artırılmasına ehtiyac var. Xüsusilə də təhsil və mədəniyyət sahələrində kişilərin sayı azdır”.

GİZ Yaxşı Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Gerald Duda təlimin məqsədi haqqında danışıb. Bildirib ki, seminarın məqsədi gender büdcəsi ilə bağlı hüquqi əsaslandırmanın, bu sahədə ehtiyacların araşdırılması, müxtəlif səviyyələrdə (bələdiyyə və mərkəzi) gender büdcənin təşkili üçün prinsiplərin müəyyən edilməsi və beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasıdır.

Qeyd edək ki, təlim beynəlxalq ekspert Elisabet Klatzer tərəfindən aparılacaq. Seminarda maliyyə, təhsil, səhiyyə, mədəniyyət, əmək və əhalinin sosial müdafiəsi və digər dövlət qurumlarının məsul işçiləri iştirak edir.

Təlimdə, həmçinin qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən dövlət orqanlarının məruzələri dinləniləcək və bu sahədə apardıqları siyasət haqqında məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.