İQTİSADİYYAT


Bakıda “Gift & Promo Fair 2019” və “AdPrint 2019” sərgiləri açılıb  YENİLƏNİB

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-dək yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Sərginin açılışında çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və sair olmaqla ümumilikdə 50-dək çeşiddə əl işləri sərgilənir.

Qeyd edək ki, ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgilərdə dünyanın 6 ölkədən şirkətlər iştirak edir. “Gift & Promo Fair 2019” sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, “Plastoria”, “Sols”, “Universal Woods” kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.

“AdPrint 2019” sərgisi isə öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir. Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribüterləri yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Reklam və çap işi sahəsində innovativ məhsull və xidmətlərin təqdim edildiyi unikal platforma - “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.

Sərgilər əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile ölkəmizdə reklam, çap və promo səhələrinə marağın artmasında təkan verəcək.

Sərginin ilk iş günündə xüsusi dəvət edilmiş sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçirilib. Tələb-təklif-satış zəncirinin əsas halqaları arasında “canlı” dialoq çərçivəsində bazardakı aktual tapşırıqlar müzakirə edilib və həll variantları təklif olunub. Belə müzakirələr bazarın inkişafına və bazar iştirakçıları arasında möhkəm qarşılıqlı faydalı əlaqələrin qurulmasına kömək edir.

Həmçinin sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı keçirilib. Bu təqdimatın gedişatında sərgi qonaqlarına bazarın innovativ məhsulları ilə ilk tanış olanların sırasına qatılmaq, biznes üçün yeni imkanları öyrənmək, potensial müştərilər tapmaq və iş təcrübələrini bölüşmək kimi unikal imkanlar yaradılıb.

Sentyabrın 13-də promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək və burada əməkdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün lazımi şərait yaradılacaq. Bu görüşlər satış və tərəfdaşlıq üfüqlərini genişləndirmək üçün əlverişli zəmini təmin edəcək. Sentyabrın 14-də isə iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile təşkil ediləcək.

“Ən yaxşısını seç!” müsabiqəsi çərçivəsində sərginin 10-dan çox iştirakçısı öz eksklüziv məhsullarını foyedə quraşdırılmış xüsusi vitrinlərdə nümayiş etdirəcək. Hər vitrində məhsul barədə ətraflı məlumat veriləcək. Sərginin keçiriləcəyi üç gün ərzində sərginin qonaqları onların fikrincə ən yaxşı eksponata səs verə və onu “Ən yaxşı məhsul” adlandıra bilərlər.

Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.