İQTİSADİYYAT
Bakıda “Hackathon” müsabiqəsi təşkil ediləcək
Bakı, 4 mart, Pərvanə Rəhimova, AZƏRTAC
Martın 11-dən 15-dək Bakıda ilk dəfə keçiriləcək “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən “Hackathon” müsabiqəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib.
F.Fərmanov diqqətə çatdırıb ki, məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin təqdim olunmasıdır. Yarışlarda iştirak etmək üçün martın 7-dək qeydiyyatdan keçmək zəruridir. Yarışa komanda və ya fərdi şəkildə qoşulmaq mümkündür: “İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və sair) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır. Bütün maraqlı şəxslər (proqramçılar, sistem və ya şəbəkə inzibatçıları və s.) yarışda iştirak edə bilər. Müsabiqənin nəticələrinə əsasən birinci yer üzrə 4000 manat, ikinci yer üzrə 2000 manat, üçüncü yer üzrə isə 1000 manat pul mükafatı təqdim ediləcək”.
Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.