İQTİSADİYYAT


Bakıda Hindistan məhsullarının sərgisi açılıb

Bakı, 7 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Martın 7-də Bakı İdman Sarayında Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, PHD Ticarət və Sənaye Palatasının baş katibi Maheş Reddi xarici ölkələrdə keçirilən sərgilərdə Hindistan sənayesinin yüksəkkeyfiyyətli məhsullarının, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaların təqdim edildiyini deyib. “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları və sair məhsullar Azərbaycan vətəndaşlarına təqdim olunub.

Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnan iki ölkə arasındakı əlaqələrin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirib. Səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

“Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur”, - deyə səfir qeyd edib.

Bildirib ki, sərgidə 75 şirkət müxtəlif məhsullar təqdim edirlər: “Sərgi biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Ümid edirəm ki, belə sərgilərin davamı olan tədbirlər davam edəcək”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanla Hindistan arasında mövcud əlaqələrin qədim tarixindən danışıb. Bildirib ki, Azərbaycan və Hindistanın çoxşahəli əlaqələri mövcuddur: “Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və Hindistan arasında ticarət, iqtisadiyyat, elm, texnologiya və digər sahələrdə əlaqələr intensiv inkişaf edir. İki ölkə arasında əməkdaşlıqda daşımalar xüsusi yer tutur. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Hindistan şirkətləri tərəfindən istifadə olunması xüsusi vurğulanmalıdır”.

Sonra sərgisində iştirak edən 75 şirkət barədə kataloqun təqdimatı olub. Martın 17-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.